Yeni struktur təsdiq edilib FOTOLAR

Yeni struktur təsdiq edilib FOTOLAR

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələri ilə yanaşı, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərilir, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün iri miqyaslı Dövlət Proqramları həyata keçirilir. SİA-nın məlumatına görə, proqram çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədovun "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) strukturunun təkmilləşdirilməsi barədə" 18 fevral 2015-ci il tarixli 12 nömrəli əmrinə uyğun olaraq Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin yeni strukturu təsdiq edilib.

Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika laboratoriyaları yaradılıb. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin təyini və Mikotoksinlərin təyini laboratoriyaları fəaliyyət başlayıb.

Bu proqramların həyata keçirilməsi üçün daxili imkanlarla yanaşı, beynəlxalq təşkilatların dəstəyindən də geniş istifadə olunur. Dünya Bankının Azərbaycan üçün Kənd Təsərrüfatının İnkişafı Kredit laiyhəsinin (ADCP) III fazasının komponentlərindən biri - Ərzaq təhlükəsizliyi, heyvan sağlamlığı və bitki mühafizəsi və karantini olmaqla, SFS xidmətlərinin gücləndirilməsini nəzərdə tutur. Layihənin "Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi" sub-komponenti üzrə fəaliyyətlər məhz DFNX-nin gücləndirilməsinə yönəlib.

Bu fəaliyyətlərin iki istiqamətdə aparılması nəzərdə tutulub:

- zərərli orqanizmlərin diaqnostikası imkanlarının gücləndirilməsi;

- zərərli orqanizmlərə nəzarət və risklərin təhlili.

Birinci istiqamət üzrə Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza və Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzlərinin laboratoriyalarının lazımı avadanlıqlarla təchizatı və zərərvericilərin diaqnostikası üsullarının təkmilləşdirilməsi üçün laboratoriya əməkdaşlarına ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi, eləcə də ikinci istiqamət üzrə zərərli orqanizmlərə nəzarət və zərərli orqanizmlərin yayılması riskinin təhlil edilməsi imkanlarının gücləndirilməsi məqsədi ilə əməliyyat təlimatlarının və proseduraların hazırlanmasında Dövlət Xidmətinə texniki yardım və müasir yanaşmaların tətbiqi nəzərdə tutulub. Bu məqsədlə də rəhbər işçilər və heyət üçün təlimləri, proqram təminatı və lazımi avadanlıqlarla təchizatı edilməsi həyata keçiriləcək.

Artıq layihələrin icrasına başlanılıb və beynəlxalq ekspertlər - Sloveniyadan bitki mühafizəsi üzrə mütəxəssis Dr. Tanya Dreo və İsraildən toksikoloiya üzrə mütəxəssis Dr. İsaac Skalsky Dövlət Xidmətində olublar.

Səfər çərçivəsində Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə mövcud vəziyyətin təhlili, işlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq yenidən qurulması, laboratoriyaların zəruri avadanlıqlarla təchizatı, zərərli orqanizmlərin diaqnostikası, pestisidlərin, aqrokimyəvi maddələrin və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin təyini üsullarının təkmilləşdirilməsi məqsədilə laboratoriya işçilərinə ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə