28 oktyabr tarixində Azərbaycan Xalça Muzeyində AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən "Mədəniyyətimizin beynəlxalq arenada tanıdılması və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu" mövzusunda seminarın keçirilməsi nəzərdə tutulmuşdur. SİA-nın verdiyi məlumata görə, seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini Rafiq Kaşanlı, kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri dokturu Fuad Məmmədov, Azərbaycan Rəssamlar İttifaqı və Rəssam Karikaturaçılar Cəmiyyətinin üzvü, Gürcüstan Rəssamlar Ittifaqının fəxri üzvü, tanınmış rəssam, heykəltəraş, qrafik, karikaturaçı, jurnalist və yazıçı Mir-Teymur Məmmədov, Milli Kulinariya Mərkəzinin Baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov, Milli Elmlər Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan universitetindən və digər dövlət və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak edəcəklər. Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı özünün geniş əhatəli fəaliyyəti ilə tarix yazan Heydər Əliyev Fondunun beynəlxalq aləmdəki fəaliyyəti haqqında, professor Fuad Məmmədov respublikanın llk qeyri-hökumət təşkilatı olan "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan mədəniyyətinin, kulturoloji maaarifçiliyin beynəlxalq aləmdə təbliği istiqamətindəki fəaliyyəti haqqında, Milli Kulinariya Mərkəzinin Baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov milli mətbəx mədəniyyətimizin tədqiqi və beynəxalq aləmdə təbliği haqqında, Azərbaycan Rəssamlar ittifaqının üzvü, tanınmış keramika ustası, heykəltəraş, qrafik Mir-Teymur Məmmədov xarici ölkələrdə milli keramika sənətinin təbliği haqqında maraqlı və məzmunlu məruzələrlə çıxış edəcəklər.
Seminarın sonunda Tofiq Quliyev adına 12 saylı müsiqi məktəbinin tar müəllimi Emin Eminli musiqi nömrəsi ilə çıxış edəcəkdir.
Seminar milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılması istiqamətində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədini daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB