Oktyabrın 13-15-də Gəncə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçirilib. SİA-ya verilən məlumata görə, beynəlxalq konfransın açılış mərasimində Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmiş, Türkiyədə törədilmiş terror aktında həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransı Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov açaraq, VIII Beynəlxalq Atatürk konfransını himayəyə götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans iştirakçıları adından minnətdarlığını bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin dünya tarixçilərinin VIII beynəlxalq Atatürk konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu səsləndirib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, AMEA İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək VIII Beynəlxalq Atatürk konfransının mühüm əhəmiyyətini vurğulayıblar.
Konfransda Azərbaycan Prezidentinə müraciət qəbul olunmuş və bu müraciəti Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov səsləndirmişdir.
İki gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək, XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə edilmiş və 130-dan çox alimin iştirak etdiyi konfransda 90-dək elmi məruzə dinləniləyib.
Bağlanış mərasimində VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarının dünya ictimaiyyətinə Azərbaycan, rus, türk və ingilis dillərində müraciəti qəbul olunub. Müraciətdə son zamanlar bəzi Avropa ölkələrində islama və islam dünyasına qarşı baş qaldırmış faşizm meylləri kəskin tənqid olunmuş, qardaş Türkiyədə törədilmiş qanlı terror aktları pislənib. Sonra AMEA Tarix İnstitutu ilə Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Oktyabrın 15-də VIII Beynəlxalq Atatürk konfransının iştirakçıları Şəkinin və Qaxın tarixi məkanları ilə tanış olublar və bununla da konfrans öz işini yekunlaşdırırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB