Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi müzakirə edilib TƏDBİR-FOTOLAR-VIDEO
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında komitənin (CEDAW) Azərbaycana verdiyi son tövsiyələrin icrası ilə bağlı dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru və müxtəlif dövlət qurumlarının təmsilçiləri, QHT rəhbərləri və ictimai xadimlər iştirak ediblər.
Giriç sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqqında Komitənin (CEDAW) ölkəmizə verdiyi tövsiyələrdən danışaraq, bu istiqamətdə Azərbaycanın gördüyü işlər haqda məlumat verib.
"Bu ilin sentyabrayında BMT-nin 70 illik yubileyi ilə bağlı keçirilən konfransda müəyyən olundu ki, Pekin tövsiyələrinin qəbulundan uzun müddət keçsə də, hələ də onların hamısı tam yerinə yetirilməyib"-deyə qeyd edən Hicran Hüseynova bildirib ki, bu hal təkcə bizdə deyil, digər ölkələrdə də yaşanır: "Bu gün erkən nikahlar, zorakılıq halları bütün dünyada baş alıb gedir. Hətta müqayisə etsək, Azərbaycanda bu hallarla bağlı göstərici daha aşağıdır. Lakin biz rahat ola bilmərik. Bu istiqamətdə işlər aparmalıyıq. Məsələn, əvvəl rayonlarda hər hansı ailədaxili münaqişə olanda onu gizlədirdilər və problem həll olunmaz həddə çatırdı. Lakin bu ildən regionlarda icra hakimiyyətlərində yaradılan komissiyalar bu problemlərin daha tez həll olmasına imkan yaradır".
Azərbaycanda qadınların rəhbər vəzifələrdə təmsil olunmasına toxunan H.Hüseynova bildirib ki, birinci bələdiyyə seçkilərində 4% qadın seçilmişdisə, axırıncı seçkidə bu rəqəm 35%-dən çox olub: "Növbəti parlament seçkilərində bu rəqəmin artacağına inanırıq. Azərbaycanın bir neçə rayonu istisna olmaqla, rayonların əksəriyyətində qadınlar icra başçısının müavini səviyyəsində təmsil edilir".
Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Karl Kulessa Azərbaycan qadınların problemlərinin həllinin Komitənin diqqət mərkəzində olduğunu qeyd edib. K. Kulessa qeyd edib ki, 15 il əvvəl biz dünyada ifrat yoxsulluğu aradan qaldırmaq, ibtidai təhsildə ümumi məsələlərin həllinə nail olmaq, uşaq ölümlərinin sayını azaltmaq üçün işlərə başladıq: "Bu gün ifrat yoxsulluğun 2 dəfə azaldığını, ibtidai məktəblərin 2000-ci ildə 83%-ə, son illər 91 %-ə çatdığını müşahidə edirik. Gender baxımından qeyri-bərabərliyi müşahidə edirik. İşləmək qabiliyyəti olan qadınların 50%, kişilərin 75% işlə təmin edilib. BMT-nin qarşısında olan əsas məqsədlərdən biri qadınlara qarşı olan bütün ayrı-seçkiliyi aradan qaldırmaqdır. Azərbaycan hökumətinin bu istiqamətində öz üzərində gördüyü işlərdən razıyıq".
Dünyanın hər yerində qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi BMT-nin qarşısında duran əsas vəzifə olduğunu deyən K.Kulessa həm qadın, həm də kişilərin işlə təmin edilməsi üçün işlər apardıqlarını deyib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək ölkədə sahibkar qadınların sayının artdığını bildirib: "Bu gün kiçik və orta sahibkarlıqla məşğul olmaq qadınlara maliyyə müstəqilliyi vermiş olur. Bu qadınların ailələrinə və özlərinə vaxt ayırmaq imkanı daha çox olur. Nazirlik olaraq biz bu işi dəstəkləməliyik. Düzdür, bu gün dünyada beynəlxalq şirkətlərdə rəhbərlik edən qadınların sayı azdır. Bu, bizdə də belədir. Yəqin ki, qadının güc , zaman tələb edən vəzifələrdə çalışması müəyyən problemlər yaradır deyə Azərbaycanda bacarıqlı qadınlar özünü daha çox ailəyə sərf etmək qərarını verir. Buna baxmayaraq, son 3 ildə sahibkarlıqla məşğul olan qadınların sayı 17-dən 19%-ə qalxıb. 2012-2014-cü ildə sahibkarlıqla məşğul olan qadınlara 55.5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu ilin 9 ayı ərzində 4249 sahibkara 160 milyon manat kredit verilib. Bunların 639-u qadın sahibkarlardır ki, onlara 20 milyon manat kredit verilib. Ötən il qadınlara ayrılan kredit ümumilikdə 9 milyon idi".
Tədbir mövzu ətrafında diskusiyalarla davam etdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB