Azərbaycan DBTİA-nın 85 illik yubileyi qeyd edilib TƏDBİR-FOTOLAR-VIDEO

Azərbaycan DBTİA-nın 85 illik yubileyi qeyd edilib TƏDBİR-FOTOLAR-VIDEO

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 85 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, yubiley tədbirində Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən rektor Ağacan Abıyev qeyd edib ki, Akademiya Cənubi Qafqazda bədən tərbiyəsi sahəsində ali təhsilli kadrlar hazırlayan ilk tədris müəssisəsidir: "Bu ali məktəbin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub. Azərbaycan idmançıları SSRİ dönəmində də uğurlar əldə ediblər. Hər dəfə idmançılarımız beynəlxalq yarışlarda uğur qazandıqda Ulu Öndər onları qarşılayıb və şəxsən mükafatlandırıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunun üçün bizlər, bütün idman ictimaiyyəti Prezident İlham Əliyevə minnətdarlığını bildiririk. Çalışacağıq ki, bundan sonra da Azərbaycan idmançıları öz uğurları ilə ölkəmizi dünyaya tanıtsın və bayrağımızı beynəlxalq arenalarda yüksəltməyə müvvəffəq olsunlar".

Gənclər və İdman naziri Azad Rəhimov çıxışında qeyd edib ki, bu gün Azərbaycanın ən qocaman ali məktəblərindən biri öz yubileyini qeyd edir: "Bu tədris müəssisəsinin məzunları arasında adları dünya idmanının tarixinə düşən məşhur şəxslərin sayı çoxdur. Ölkədə Birinci Avropa Oyularının təşkil olunması Azərbaycan idmanı üçün yeni səhifələr açdı. Bildiyiniz kimi, 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiyadası və "Formula 1" yarışları, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, yelkənli qayıqlarla yarış üzrə 23 yaşlılar arasında Dünya çempionatı və 2020-ci ildə Futbol üzrə Avropa çempionatı keçiriləcək. Təbii ki, ölkəmizdə idmanın inkişafında Akademiyanın böyük xidmətləri var. Xüsusilə, yüksək ixtisaslı məşqçilərin, idman mütəxəssislərinin hazırlanması baxımından Akademiya Azərbaycan idmanına öz töhfəsini verir. Biz əminik ki, Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafı istiqamətində görülən işlər Akademiya ərəfindən bundan sonra da uğurla davam etdiriləcək".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr verib. Respublikamızda bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi istiqamətində kadrların hazırlanmasında bu ali təhsil müəssisəsinin mühüm xidmətləri var.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə