Bu gün özünə hər hansı bir biznes sahəsində iş qurmaq istəyən sahibkarlar müəyyən problemlərlə üzləşirlər. Bu məsələni SİA-ya şərh edən iqtisadçı Natiq Cəfərli sahibkarlığın inkişafının qarşısında duran bir sıra problemlərdən bəhs edib və bildirib ki, bu problemləri 4 qrupa bölmək olar.

"Birinci problem dövlət orqanlarının biznesmenlərin fəaliyyətinə müdaxilə etməsidir. Təbii ki, qanunvericiliyə əsasən dövlət orqanları biznesmenlərin fəaliyyətinə müdaxilə edə bilər, yoxlamalar apara, müəssisəni qapada və cərimələr yaza bilər bilər. Bu qanunla 15 ildir ki, tətbiq edilir. Lakin bu proses biznesmenlərin işini xeyli dərəcədə əngəlləyir və ləngidir. Buna görə də ilk növbədə yoxlayıcı funksiya sahib qurumların səlahiyyətləri azaldılmalı, bəziləri isə ümumiyyətlə ləğv edilməlidir. Çünki bir çox problem məhz bu qurumların çoxluğundan qaynaqlanır. Əgər tikinti işinə eyni zamanda 6-7 orqan nəzarət edirdisə artıq bu iş mərkəzləşdirilmiş qaydada aparılmalıdır".

"İkinci problem isə uzun müddətli və ucuz başa gələn kreditlərə çıxış imkanının məhdud olmasıdır. Kredit faizlərinin yüksək olması iş adamlarının qarşılarına uzun müddətli hədəf qoymasına mane olur. Çünki onlar qoyduqları xərci bir neçə il sonra götürə bilirlər. Buna görə də onlar daha çox alqı-satqı işləri ilə məşğul olmağa çalışır və uzunmüddətli yatırımlar etməkdən çəkinirlər".

"Üçüncü vacib məsələ isə idxal-ixrac prosesləri zamanı maliyyə xərclərinin aradan qaldırılmasıdır. Burada gömrük orqanlarının işinə daha çox diqqət ayrılmalıdır. Bu proses daha şəffaf aparılmalıdır. Sahibkarlar əvvəlcədən hansı mala nə qədər rüsum ödəyəcəklərini bilməlidirlər. Bu öncədən məlum olmalıdır".

"Nəhayət dördüncü problem isə rəqabətin olmamasıdır. Rəqabətli mühitin genişləndirilməsi ilə bağlı ciddi addımlar atılmalıdır. Keçən il Milli Məclisdə rəqabətlə bağlı məcəllə təstiq edildi var. Bu tezliklə qəbul edilməlidir və bu prosesin həyata keçirilməsinə ciddi nəzarət olmalıdır. Azərbaycanda rəqabətli mühit nə qədər çox olsa, bir o qədər də sağlam biznes olacaq və biznes mühitinə nə qədər çox adam cəlb olunsa, qiymətlər bir o qədər ucuz, xidmət və malların keyfiyyəti isə bir o qədər yüksək olacaq.
Əgər bu problemlər addım-addım öz həllini tapsa sahibkarlığın şərtləri xeyli dərəcədə yüngülləşər. Ən əsası da iş adamlarının sayı artdıqca onların ödədiyi vergilər və məsuliyyət də artır. Yeni iş yerlərinin yaranması yeni işçi qüvvəsi eyni zamanda çoxlu qazanc yeri deməkdir. Bunların hamısı çox vacib amillərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB