Noyabrdan sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi təsdiq olunub. SİA-nın məlumatına görə, iclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sözügedən qanun layihəsi haqqında danışıb: "Layihə ölkə başçısı tərəfindən Milli Məclisə göndərilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Bu baxımdan qanun layihəsi ölkə iqtisadiyyatını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB