Bu günlərdə 18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, habelə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin məsul əməkdaşı Emin Səfərovla birgə Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarının ərazisindəki hərbi hissələrin düşmənlə təmas xəttində yerləşən bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında görüşlər keçiriblər. ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüşlər zamanı Dövlət Müstəqilliyi Günü münasibətilə müvafiq hərbi hissələrin şəxsi heyəti yerində təbrik edilmiş, həmçinin hərbi qulluqçuların məişət şəraiti və hərbi hissələrdə insan hüquqlarının təmin olunması vəziyyəti ilə tanış olunub.
Hərbi hissədə şəxsi heyət qarşısında çıxış edən Müvəkkil Elmira Süleymanova Silahlı Qüvvələrin formalaşmasında, inkişaf edərək müasir standartlara cavab verən orduya çevrilməsində Ümummilli liderimiz Heydər Əliyevin əməyi və qayğısının ölçüyəgəlməz olduğunu bir daha vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində məqsədyönlü siyasətin uğurla davam etdirildiyini bildirib. Bunun nəticəsi kimi, Müdafiə Sənayesi Nazirliyinin yaradılaraq inkişaf etdirildiyini, Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin maddi-texniki bazasının müasir silahlar və hərbi texniki qurğularla təchizatının artırıldığını, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün irimiqyaslı hərbi təlimlərin keçirildiyini, bir sıra hərbi hissələrin müasir standartlara cavab verən yeni inşa edilmiş binalara köçürüldüyünü, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi və müdafiə potensialının inkişaf etdirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra islahatların aparıldığını hərbi qulluqçuların nəzərinə çatdırıb.
Görüşlərdə hərbi hissələrin müasir standartlara cavab verən və yeni inşa edilmiş binalarda yerləşdirilməsi, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib. Orduda aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işinin, şəxsi heyətin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb.
Ombudsman və Aparatın əməkdaşları tərəfindən şəxsi heyətlə insan hüquqları, o cümlədən, hərbi qulluqçuların hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə xidmətdə fərqlənən hərbi qulluqçulara Ombudsman təsisatının "Yubiley" medalı və digər xatirə hədiyyələri verilib.
Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB