Ərşad Hüseynov: “Səlahiyyətlərin yol polisinə yönləndirilməsi gözəl nəticələr verəcək”

Ərşad Hüseynov: “Səlahiyyətlərin yol polisinə yönləndirilməsi gözəl nəticələr verəcək”

"Prezident İlham Əliyevin 14 oktyabr, 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq". bunu SİA-ya açıqlamasında hüquqşünas Ərşad Hüseynov söyləyib.

Hüquqşünas bildirib ki, yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq: "Kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq. Bu sahədə xeyli problemlər var idi. Nəqliyyat müfəttişliyi ilə sürücülər arasında problem yaşanırdı. Səlahiyyətlərin yol polisinə verilməsi gözəl nəticələr verəcək. Yaxın zamanda qərar verildi ki, lisenziyaların, fərqlənmə nişanlarının verilməsi "ASAN" xidmət tərəfindən həyata keçirilsin. Daha sonra hər hansı qayda pozğunluğu olarsa, buna dövlət yol polisi nəzarət edərsə o zaman həmin sahələrdəki özbaşınalığa da son qoymaq olar. Düşünürəm ki, bu cür qərara avtobus sürücüləri və başqaları sevinməməlidir. Onlar avtomobillərinin bütün sənədlərinin qaydasında olmasını təmin etməli, nizamlı şəkildə vergi ödənilməsinə və lisenziya şərtlərinə riayət etməlidirlər. Bir sözlə sürücülər çalışmalıdırlar ki, hər şeyi qanun çərçivəsində həyata keçirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə