Lənkəran-Lerik yolunda maşınların hərəkətində problemlər yaranıb

Lənkəran-Lerik yolunda maşınların hərəkətində problemlər yaranıb

Oktyabrın 16-da səhər saatlarından başlayaraq cənub bölgəsinə yağan aramsız yağışlar Lənkəran-Lerik avtomobil yolunda maşınların hərəkətində bir sıra problemlər yaradıb. Magistral yolun ayrı-ayrı ərazilərinin yuxarı yamac hissələrində torpaq sürüşmələri nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

43 nömrəli Lerik Rayon Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası yola tökülmüş gil, torpaq qatını təmizləməklə maşınların hərəkəti üçün şərait yaradırlar.

İdarənin rəisi Elxan Əliyev bildirib ki, ərazidə sürüşmələrə qarşı həyata keçirilən tədbirlər mütəmadi xarakter daşısa da, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. O, bunun başlıca səbəbini yay fəslinin quraq, payız və qış aylarının isə yağmurlu keçməsi ilə əsaslandırıb.

Hazırda Lənkəran-Lerik avtomobil yolunda nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün heç bir ciddi maneə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə