Astara rayon İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sentyabrın 12-də möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıb.
Qeyd edilib ki, 2015-ci ilin 9 ayında ölkəmizin iqtisadi göstəricilərinin ürəkaçan olmub. Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı Astaranın timsalında aydın görə bilərik. Ölkə Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun ucqar dağlıq ərazilərini əhatə edən Taxtanakəran–Toradi avtomobil yolunun tikintisi və şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri davam edir. Məktəb tikintisi, yaşayış məntəqələrinin qazlaşdırılması, yolların abadlaşdırılması, yeni körpülərin tikintisi, şəhərə içməli suyun çəkilməsi, elektrik təsərrüfatının yeniləşdirilməsi və digər sosial infrastrukturun qurulması istiqamətində mühüm işlər görülür. Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması başa çatdırılıb, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 13 aprel 2015-ci il tarixli digər Sərəncamı ilə Astara şəhərində 860 şagird yerlik orta məktəb binasının əsaslı təmiri və 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran-Miki, Taxtanakəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına başlanıb. Şəhərin Xəzər dənizi sahili boyu 6 hektar sahədə park-bulvarın tikintisi başa çatdırılıb, 2 hektar ərazidə çimərliyin tikintisi davam etdirilir. Çimərlik ərazisində hündürlüyü 6.5 metr diametri 12 metr olan dünyanın ən böyük təndirlərindən birinin tikintisində son tamamlanma işləri aparılır.
Çayoba kəndində yeni çay emalı fabriki tikilib istifadəyə verilib, Züngüləş kəndi ərazisində 0.3 mvt gücü olan "Astara-1" kiçik su elektrik stansiyasının tikintisində tamamlanma işləri görülür.
2015-ci ilin 9 ayında rayonda 615 iş yeri açılıb ki, bundan 435-i daimi iş yerləridir.
Kənd təsərrüfatı ili ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 layihə üzrə 210 min manat dəyərində güzəştli kreditlər verilib. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 104 min 821 manat məbləğində subsidiya verilməsi təmin edilib.
Rayonun Şuvi və Ojakəran kəndi ərazisində yaradılmış çayçılıq təsərrüfatında milyondan çox çay şitilləri yetişdirilərək Şuvi kəndi ərazisində 65 hektar yeni çay plantasiyaları salınıb. Beləliklə ümumi çay plantasiyalarının sahəsi 372 ha olub ki, bunun da 212 hektarını məhsuldar, 160 hektarını isə cavan çay plantasiyaları təşkil edir.
Rayon İcra hakimiyyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəyi, rayonun abadlaşdırılması naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf ediləcəyi vurğulanıb.
Məruzə ətrafında rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Rayon Mərkəzi Xəstəxananın baş həkimi Əlövsət Əliyev, Dövlət Sosial Müdafiə Fondunun rayon
şöbəsinin müdir əvəzi Elbrus Abbasov, rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov çıxış ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB