Daha 2 kəndə qaz verildi

Oktyabrın 16-da Tovuz rayonunun Böyük Qışlaq və Molla Ayrım kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 66 abonenti olan Molla Ayrım kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6222 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 66 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 295 abonenti olan Böyük Qışlaq kəndinin qazlaşdırılması zamanı 24 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə