Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və BANM-ın birgə təşkilatçılığı ilə ali məktəbin tələbələri və kollektivi üçün "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı təlim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu iştirak ediblər.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət keçirilən tədbir BANM-ın rəhbər və işçi heyəti, FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.
Nəzəri hissəni giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq bildirib ki, BANM-ın, FHN-nin və ATGTİ-nın birgə təşkilatçılığı ilə keçirilən təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. Həmçinin rektor təhlükəli hadisələr zamanı necə davranılmalı, hansı tədbirlərin görülməli olduğunu və tədris saatlarında qəfildən baş verə biləcək hər-hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları bilməyin əhəmiyyətini qeyd edib.
FHN-nin Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici məlumat verib.
Tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.
Hündür mərtəbələrdən xilasetmə, "işgüzar oyun" formatında təşkil edilmiş "partlayıcı qurğunun zərərsizləşdirilməsi", "zəlzələ zamanı xilasetmə" və "yanğının söndürülməsi" əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənilib və hərarətli alqışlarla qarşılanıb.
Tədbirin sonunda BANM-ın rektoru Elmar Qasımov tələbələr üçün keçirilən əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və iştirak edənlərə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB