Xətai rayonunda "Yapon bağı"nın açılışı olub FOTOLAR

Xətai rayonunda "Yapon bağı"nın açılışı olub FOTOLAR

Bu gün Bakının Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev parkı ərazisində salınmış "Yapon bağı"nın açılışı olub. SİA-nın məlumatına görə, açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, Azərbaycanla Yaponiya arasında ikitərəfli əməkdaşlıq mövcuddur. Bu, sevindirici haldır: " 2014-cü ilin iyun ayında Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Yaponiyada səfərdə olublar. Səfərimizin əsas məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması ilə yaxından tanış olmaq və onların təcrübəsindən faydalanmaq idi. Səfər çərçivəsində Yaponiyanın Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında dostluq, tərəfdaşlıq haqqında protokol imzalandı. Səfər çərçivəsində həmçinin Xətai rayonundakı Heydər parkında "Yapon bağı"nın salınması qərara alındı. Bağın tikintisinə 2015-ci ilin fevral ayından başlanılıb və işlər iyul ayında başa çatıb. Parkda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Eyni zamanda Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından "Şəlalə" kompleksi qurulub. Yaponiya Azərbaycanın strateji tərəfdaşıdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki xalqın tərəqqisinə xidmət edəcək".

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi isə çıxışında qeyd edib ki, bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından olduqca böyük əhəmiyyət kəsb edir:"Mən çox şadam ki, Bakıda belə bir bağ inşa edilib. Ümid edirəm ki, iki ölkə arasında dostluq əlaqələri daha da inkişaf edəcək".

Azərbaycan Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev diqqətə çatdırıb ki, son illər ölkədə aparılan quruculuq işləri sayəsində 52 park salınıb və 100-dən artıq park təmir edilib: "Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və sonradan hər iki dövlət arasında əlaqələr qurulub: "Mən ümid edirəm ki, bu bağ Bakı sakinlərinin istirahətində mühüm rol oynayacaq".

Daha sonra qonaqlar "Yapon bağ"ı ilə tanış olublar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə