Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə akademik Arif Paşayev, akademik Bahadur Tağıyev və fizika elmləri doktoru Kərim Allahverdiyev "LİDAR və ondan Azərbaycanda praktiki istifadə perspektivləri" adlı məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq LİDAR Milli Aviasiya Akademiyasında yaradılıb. LİDAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə "Müasir metodlarla (LİDAR texnologiyası, atom qüvvə mikroskopu və lüminessent analiz metodları) neft-qaz əməliyyatlarının keçirilmə zamanı ətraf mühitin çirklənməsinin monitorinqi" layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi neft-qaz çıxarılması zamanı su və yer səthinə çıxan neft məhsullarının, kimyəvi reagentlərin və qazma məhlullarının məsafədən zondlanması üçün nəzərdə tutulan flüorissent LİDAR-ın istehsalı və inkişafıdır. Məruzəçi qeyd edib ki, bu məsələ optik spektroskopiyanın müxtəlif üsulları, o cümlədən Raman effekti, LIB və flüorissent spektroskopiyası ilə həll oluna bilər.
Bildirilib ki, istehsal edilmiş LİDAR bu ilin avqust ayında Pirallahı rayonu Abşeron Neft-Qaz Çıxarma İdarəsinin neft estakadasında sınaqdan keçirilib və dəniz suyu səthindəki neft çirklənmələrini uğurla qeydə alıb. SOCAR-ın nümayəndəsinin iştirak etdiyi sınaqlardakı ölçmələr günün işıqlı və qaranlıq vaxtında həyata keçirilib və mövzuyla bağlı qəbul protokolu imzalanıb.
Məruzə dinlənildikdən sonra geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Sonra Akademiyanın elmi müəssisələrində 2015-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar müzakirə olunub.
İclasda CERN–AMEA əməkdaşlığı: inkişaf və perspektivlər haqqında müzakirələr aparılıb. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutununn direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı iki sərəncam əsasında CERN-lə (Avropa Nüvə Tədqiqatları Mərkəzi) AMEA-nın elmi əməkdaşlığı daha geniş mərhələyə çıxıb. Həmin vaxtadək CERN-lə əlaqə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) vasitəsi ilə həyata keçirilirdisə, bu sərəncamlar Azərbaycan dövləti ilə CERN arasında elmi-texniki sahədə əlaqələrin bilavasitə yaradılması barədə müqavilələrin imzalanmasına imkan verib.
CERN-in 1954-cü ildə 12 üzv ölkə tərəfindən təsis edildiyini deyən akademik-katib hazırda üzv ölkələrin sayının 21-ə çatdığını, həmçinin Azərbaycan və Hindistanın assosiativ üzv olmaq ərəfəsində olduğunu vurğulayıb.
AMEA-da GRİD sisteminin yaradıldığını deyən N.Məmmədov CERN-in GRİD şəbəkəsinin tərkibinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərdiyini əlavə edib. AMEA ilə əməkdaşlıqda əldə olunmuş nailiyyətlər nəticəsində CERN-lə imzalanmış niyyət protokoluna əsasən, Azərbayacan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində DATA Mərkəz yaradılmaqdadır. Bu Mərkəzdə CERN-dəki təcrübələrdə qeydə alınmış çox böyük həcmli məlumatların işlənilməsi nəzərdə tutulur.
Növbəti məsələ Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, müasir dövrdə Thomson Reuters Agentliyinin Biliklər Bazası, bu bazanın imkanları, həmçinin bazaya daxil olan elmi jurnalların seçilmə meyarları onların fəaliyyətinin dəyərləndirilməsində ən mötəbər mənbədir.
Akademik qeyd edib ki, Azərbaycanda dərc olunan, Thomson Reuters Agentliyinin Biliklər Bazasına daxil olan 3 elmi jurnal haqqında informasiyalara əsasən, "Applied and Computational Mathematics" jurnalı hələ də təsir əmsalına malik yeganə Azərbaycan jurnalıdır. Həmçinin, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və tətbiqi riyaziyyat" jurnalı və Xəzər Universitetinin "Xəzər Humanitar və Sosial Elmlər" jurnalı Thomson Reuters daxilində yaradılmış "Emerging Sources Citation Index" bazasında yer alıb.
Azərbaycanda 300-ə qədər elmi jurnalın dərc olunduğunu deyən akademik bunlardan yalnız 18-nin seçim üçün Thomson Reuters Agentliyinin Biliklər Bazasının texniki kriteriyalarını ödədini vurğulayıb. Rəyasət Heyəti Azərbaycanda elmi nəşrlərin, xüsusilə AMEA-nın elmi jurnallarının beynəlxalq bazalara inteqrasiyası səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlanmasını qərara alıb.
Tədbirin davamında AMEA-nın Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin Bioinformatika laboratoriyasının müdiri İlham Şahmuradovun Səudiyyə Ərəbistanının Elm və Texnologiya üzrə Kral Abdulla Universitetində apardığı birgə elmi-tədqiqat işlərini davam etdirmək məqsədilə üç ay müddətinə həmin universitetə ezam olunması, həmçinin AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Tural Yarəhmədovun İsveçrənin Bern Universitetinə, həmin institutun doktorantı Aytac Hümbətovanın isə Almaniyanın Bonn Universitetinə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya göndərilməsi haqqında Rəyasət Heyəti qərar qəbul edib.
Sonra Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinin keçirilməsi və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında qərarlar qəbul olunub.
İclasın sonunda bir sıra kadr məsələləri müzakirə edilib. Rəyasət Heyətinin qərarı ilə tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeyin elmi katibi vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova muzeyin elmi fond işləri üzrə direktor müavini-baş mühafiz vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva isə muzeyin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini-ekspozisiyanın müdiri vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB