Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin 9 ayı ərzində bir sıra həlli vacib olan tədbirlər həyata keçirilib. SİA-nın məlumatına görə, ölkə ərazisində fıtosanitar sabitliyin qorunması, bitki mühafizəsi və karantini sahəsində aparılan tədbirlərin operativliyinin təmin edilməsi, şəffaflığın daha da artırılması, habelə çevik idarəetmə strukturunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 18 fevral tarixli 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aparatının və tabeli qurumlarının yeni strukturu təsdiq edilib.
Xidmətin tabeli qurumlarında çevik idarəetmə strukturunun formalaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilib. Ağdam, Abşeron, Bərdə, Beyləqan, Balakən, Cəlilabad, Kürdəmir, Xaçmaz, Hacıqabul, Samux, Şamaxı, Lənkəran, Şəki, İmişli, Biləsuvar, Tovuz və Saatlı rayonlarının bitki mühafizəsi mərkəzlərinin hər birinin tərkibində mobil bitki mühafizəsi dəstələri yaradılıb.
Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyası Respublika Karantin Ekspertiza Mərkəzi adlandırılmış və həmin mərkəzin nəzdində entomologiya, fitopatologiya, fitohelmintologiya, herbologiya və molekulyar diaqnostika laboratoriyaları yaradılıb.
Respublika Nəzarət-toksikologiya laboratoriyası Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi adlandırılmış və həmin mərkəzin nəzdində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, аğır metalların təyini, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini və mikotoksinlərin təyini laboratoriyaları yaradılıb.
2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili"elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2.16-cı "İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi" və 4.4-cü "Dövlət Fitosanitar Nəzarəti Xidmətinin məntəqələrinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması, habelə Xidmətin funksional fəaliyyəti üzrə elektron xidmətlərin yaradılmasının davam etdirilməsi" maddələrinin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanmış, fermer və torpaq mülkiyyətçilərinə təqdim edilmişdir. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi işləri davam etdirilir.
Respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilmiş, Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın və tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə Xidmət tərəfindən işlənib hazırlanmış milli proqramların icrası uğurla davam etdirilib.
Cari ilin 11 fevral 2015-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə Şəki rayonunda "Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin məhsuldarlığın artırılmasında əhəmiyyəti" mövzusunda və 10 aprel 2015-ci il tarixdə Şəki rayonunda "Respublika ərazisində Yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə hazırlanmış məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının icrasına dair II regional müşavirə"lər keçirilib .
Hazırki dövrədək bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan geniş istifadə edilir. Lakin müxtəlif çeşidli pestisidlərdən istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Xidmətin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilmiş və İmişli rayonu ərazisində "MKT İK" MMC-yə məxsus 300 hektar əkin sahəsində bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilmiş, pestisidlərin tətbiqindən tam imtina edilmiş, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı aqrobiosenozlarda mövcud olan "bitki-fitofaq-entomofaq" sistemi qorunub saxlanılıb.
Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması üçün "Delta-Telekom" şirkəti tərəfindən Xidmətin Balakən, Şirvan, Füzuli, Gəncə, Xaçmaz, Biləsuvar, Yevlax rayonlararası Bitkilərin karantini məntəqələrinə optik xətlər çəkilmişdir. Hal-hazırda sistemin fəaliyyətə başlaması məqsədi ilə avadanlıqların və proqram təminatının alınması üçün müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 36 nömrəli qərarı ilə fitosanitar xidməti sahəsində fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsi zərurəti nəzərə alınaraq Dövlət Xidməti tərəfindən göstərilən aşağıdakı xidmətlərin elektronlaşdırılması üçün aidiyyəti üzrə müraciət edilmişdir:
- Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərdə tutulan sahənin (anbarin, satiş mərkəzinin) fitosanitar vəziyyəti barədə rəyin verilməsi;
- Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi;
- Ərazinin fitosanitar karantin vəziyyəti barədə rəy;
- Karantin nəzarətində olan texniki yüklərin, taxta materiallarının, obyekt və boş anbarların zərərsizləşdirilməsi.
Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 11 iyul 2014-cü il tarixli 228 nömrəli Fərmanına əsasən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilmiş, Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də dəyişiklik edilməsi haqqında" 1 oktyabr 2014-cü il tarixli 319 nömrəli Qərarına uyğun olaraq bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərdə tutulan sahənin (anbarın, satış mərkəzinin) fitosanitar vəziyyəti barədə Xidmətə daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılmış və bu günə kimi 12 hüquqi və 35 fiziki şəxsə müvafiq fitosanitar rəylər təqdim edilib.
42 hüquqi və fiziki şəxsə, o cümlədən bitki mühafizə vasitələrinin idxalına, satışına və saxlanılmasına 5 ədəd, bitki mühafizə vasitələrinin idxalına və saxlanılmasına 2 ədəd, aqrokimyəvi maddələrin idxalına, satışına və saxlanılmasına 5 ədəd, aqrokimyəvi maddələrin idxalına və saxlanılmasına 3 ədəd, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışına və saxlanılmasına 28 ədəd xüsusi razılıq (lisenziya) verilmişdir.
2015-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus 91 obyektdə yoxlamalar aparılmışdır.
Yoxlamalar zamanı İmişli rayonunda "MikroAzFeed" MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun olmadığı üçün satışı dayandırılmış və tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib.
Yoxlamalar zamanı həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti keçmiş 115 adda 1396 kq/l preparat aşkar edilərək dövriyyədən çıxarılmış və satışı qadağan edilib.
"Maksimal Kapital" MMC tərəfindən ölkəyə gətirilən Türkiyə Respublikasının "Cansa Kimya" şirkətinin istehsalı olan 39 adda preparatın (cəmi 17095 kq) və fiziki şəxs Bağırov Cəlal Telman oğlu tərəfindən gətirilən Çin Xalq Respublikasının "Shehzhen Andamao İmport and Export Co Ltd" şirkətinin istehsalı olan 2 adda preparatın (cəmi 9520 kq) dövlət qeydiyyatından keçmədiyini və sözügedən şirkətlərin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq qeyd olunan preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görülmüşdür.
lkə əhalisinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfıyyətinə nəzarət artırılmışdır. Bölgələrdə istehsal və tədarük olunan və ölkəyə idxal edilən məhsulların keyfıyyət göstəriciləri (xüsusilə, onların tərkibində nitrat və nitrit birləşmələrinin miqdarı) yoxlanılaraq nəzarətdə saxlanılmışdır.
Xidmətin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzində 2015-ci ilin 9 ayı ərzində respublikaya gətirilən 254 pestisid nümunəsində 1016 keyfiyyət göstəriciləri və 1593 aqrokimyəvi maddə nümunəsində 6372 keyfiyyət göstəriciləri, kənd təsərrüfatı məhsullarının 3807 nümunəsində pestisidlərin, 3823 nümunədə nitrat və nitrit qalıqlarının, 352 nümunədə mikotoksinin və 121 nümunədə isə ağır metalların miqdarı təyin edilmişdir.
2015-ci ilin 9 ayı ərzində Respublika Karantin Ekspertiza Mərkəzində bitki və bitkiçilik məhsullarının 23012 nümunəsi əsasında 58606 ekspertiza aparılmış, 11071 ekspertiza protokolu tərtib edilmişdir. Mərkəzin fumiqasiya dəstəsi tərəfindən cari ildə 89342,4 ton texniki yük, 4121,6 m3 taxta materialı, 2361742 m3 obyekt və boş anbar sahəsi zərərsizləşdirilmişdir.
2015-ci ildə laboratoriyalar tərəfındən mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfıyyət göstəricilərinə nəzarət olunmuş, kənd təsərrüfatı məhsullarından nümunələr götürülərək analiz olunmuş, tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan, insan həyatına və sağlamlığına təhlükə törədən keyfiyyətsiz 950 kq məhsul dövriyyədən çıxarılmışdır.
Respublika üzrə 2015-ci ilin 9 ayı ərzidə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 3204883 hektar sahədə müşahidə işləri aparılmış, 1176895 ha sahədə sirayətlənmə və yoluxma aşkar edilmiş, 695310 ha sahədə mübarizə işləri aparılmışdır.
Mübarizə tədbirlərinin 584289 hektarı təsərrüfat subyektləri hesabına, 111021 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılmışdır.
2015-ci ilin 12 iyul tarixindən Respublika ərazisinə Şimali Qafqazdan Xəzər Dənizi vasitəsi ilə miqrasiya olunan Asiya çəyirtkəsi Sumqayıt şəhərinin və Abşeron rayonunun Şüvəlan, Bilgəh, Pirşağı, Buzovna, Novxanı, Goradil, Nardaran, Mərdəkan, Fatmayi kəndlərinin dənizkənarı ərazilərində aşkar olunub. Zərərvericiyə qarşı operativ və səmərəli mübarizə tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında Dövlət Fitosanitar Nəzarəti Xidmətində qərargah yaradılıb. Qərargaha Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzinin yaxın rayonlardan mütəxəssisləri, maşın və mexanizmləri cəlb edilmiş, ərazi tam nəzarətə götürülərək 13-18 iyul tarixlərində 1090 ha sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri aparılmış və zərərvericinin respublika ərazisində yayılmasının qarşısı alınıb. 2015-ci ildə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişləndirilmiş, сari ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası, Ruminiya, Pakistan və Çin Xalq Respublikası arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş layihələri yenidən işlənərək aidiyyəti üzrə təqdim edilmiş, sözügedən ölkələrin müvafiq qurumlarında saziş layihələrinin baxılması və müzakirəsi davam etdirilir. 17-18 iyun 2015-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiridiyi "Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi" regional layihəsi çərçivəsində, 21-25 iyun 2015-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Mərkəzi Asiyada milli fitosanitar nəzarətinin potensialının möhkəmləndirilməsi" mövzusunda və 29-30 iyul 2015-ci il tarixlərində FAO-nun Orta Asiya üzrə subregional ofisi tərəfindən "Orta Asiyada mili fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi" adlı TCP/SES/3403 layihəsi çərçivəsində "Fitosanitar müfəttişlər üçün sərhəd keçid məntəqələrində müfəttişlik prosedurları və müasir fitosanitar praktika" mövzusunda Bakı şəhərində seminarlar keçirilib.
2015-ci ildə xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınmış, zərərli orqanizmlərin populyasiyası minimuma endirilərək respublika ərazisində fitosanitar sabitlik təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB