Cəzaçəkmə müəssisələrinə başçəkmə həyata keçirilib

Cəzaçəkmə müəssisələrinə başçəkmə həyata keçirilib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsinə (CM) başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması olub. MPQ üzvləri tərəfindən həmin müəssisədə 80-dən çox məhkum fərdi qaydada dinlənilib, hüquqi maarifləndirmə işi aparılıb, bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin yataqxana, tibbi-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş, habelə telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Başçəkmə çərçivəsində həmin müəssisənin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə