İlham Əliyev: "Dünyada artıq Azərbaycanın inkişaf modelindən danışılır"

İlham Əliyev: "Dünyada artıq Azərbaycanın inkişaf modelindən danışılır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır.

Dövlətimizin başçısı bildirib ki, bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. "Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

"Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir". Bu fikirləri Prezident İlham Əliyev 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik, -deyən dövlətimizin başçısı ölkə iqtisadiyyatının artıq çoxşaxəli iqtisadiyyat olduğunu vurğulayıb.

Qeyri-neft sektorunun ümumi daxili məhsulun təxminən 70 faizini təşkil etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: "Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə