Tələbə liderlərinin Sammiti keçirilib

Tələbə liderlərinin Sammiti keçirilib

2015-2016-cı illərdə MDB ölkələrinin humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının 3.17 bəndinə, eləcə də Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin tələbə təşəbbüslərinin dəstəklənməsi üzrə tədbirlər planına uyğun olaraq, 04 – 07 oktyabr 2015-ci il tarixlərində MDB ölkələrinin tələbə liderlərinin Sammiti keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqından SİA-ya verilən məlumata görə, tədbir "Beynəlxalq Gənclər Mərkəzi" və S.A.Yesenin adına Ryazan Dövlət Universitetinin dəstəyi ilə təşkil olunub.

Sammitdə 10 MDB ölkəsinin tələbə-gənc liderləri iştirak edərək öz ölkələrini təmsil ediblər. Sammitin məqsədi MDB ölkələrinin tələbə və gənc liderlərinin sosial cəhətdən əhəmiyyətli olan fəaliyyətinin inkişafı, həmçinin öz ölkələrinin milli maraqlarını müdafiə etmək və təqdimat bacarıqlarının inkişaf etdirilməsi idi.

Sammitdə Ryazan şəhərinin rəsmi nümayəndələri ilə iştirakçılar arasında görüşlər keçirilib.

Ölkəmizi bu tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Kərimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin TGT sədri Rafael Şıxəmmədov, Milli Aviasiya Akademiyasının TGT sədri Fidan Səmədzadə təmsil ediblər.

Ölkəmizi təmsil edən nümayəndə heyəti "Dövlət gənclər siyasətinin əsas istiqamətləri və bu siyasətin həyata keçirilməsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rolu" mövzusunda çıxış etməklə yanaşı, təcrübə mübadiləsi ilə bağlı müxtəlif müzakirələrdə də iştirak edib.

Qeyd edək ki, sammitin sonunda hər bir ölkənin mədəniyyətinə həsr olunan təqdimat mərasimi və yaradıcılıq gecəsi keçirilib. Gecədə ölkəmizin mədəniyyəti yüksək səviyyədə nümayiş olunub və sammit iştirakçılarına ölkəmizin mədəniyyətini, tarixini əks etdirən simvolik hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə