VIII Beynəlxalq Atatürk konfransı ilk dəfə Azərbaycanda keçiriləcək

VIII Beynəlxalq Atatürk konfransı ilk dəfə Azərbaycanda keçiriləcək

Oktyabrın 13-dən16-dək ilk dəfə Azərbaycanda, Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən beynəlxalq konfrans hər iki dövlətin Müstəqillik Günlərinə həsr olunur.

Tarix İnstitutundan bildiriblər ki, konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemləri müzakirə olunacaq.

Konfransın Təşkilat Komitəsində təmsil olunan 22 alimdən beşi, Elmi Dəyərləndirmə Komitəsində isə 76 alimdən doqquzu Azərbaycandandır. Təşkilat Komitəsində Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, İstanbul Universitetinin professoru Halil Bal, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş idarəsinin rəisi Uğur Ünal və başqa nüfuzlu alimlər təmsil olunurlar.

Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunub. Xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndənin iştirak edəcəyi konfransın açılış və bağlanış mərasimləri Gəncədəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycan tarixçilərinin 25 elmi məruzəsi dinləniləcək.

Konfransın sonuncu günü iştirakçılar Şəki şəhərinə yollanacaq, Qax rayonunda Yunus İmrənin məzarını ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə