Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında YAP tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 19 saylı Nərimanov I Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Hikmət Məmmədov Baba oğlunun rayon ağsaqqalları ilə görüşü keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, 19 saylı Nərimanov I Seçki Dairəsindən namizədliyi irəli sürülmüş, eyni zamanda, "Yeni Azərbaycan" Qəzetinin baş redaktoru Hikmət Məmmədov Baba oğlu, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Vaqif Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Seçki Qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri və digərləri iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Milli Məclisə seçkilərə start veriləndən bu günə qədər görülmüş işlər barədə, eyni zamanda, namizədlərin təbliğat-təşviqat kompaniyasının həyata keçirilməsi prosesinin uğurla davam etməsi haqqında məlumat verib. Həmçinin, T. Tağıyev YAP namizədi Məmmədov Hikmət Baba oğlunun siyasi və elmi fəaliyyəti haqda məlumatı iclas iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də Ağsaqqallar Şurası olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğuladı.
Ağsaqqallar Şurasının fəal üzvlərindən olan Azərbaycan Kooperasiya Universitetinin professoru Vilayət Əliyev, Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Vaqif Novruzov, Sücəddin Abdullayev, Ənvər Sadıqov, şairə Mərcan Şahbuzlu və digərləri çıxış edərək bildirmişlər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə təminat verir.
Nərimanov rayon gənclərinin hər zaman ağsaqqallardan örnək götürdüyünü bildirən YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı fikir bildirərək söylədi ki, bu seçki marafonunda da YAP Nərimanov rayon gəncləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hikmət müəllimi dəstəkləyəcək və hər bir gənc onun siyasi bilik və bacarığından nümunə götürəcəkdir.
19 saylı Nərimanov I Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Məmmədov çıxış edərək, rayon ağsaqqallarını və iclas iştirakçılarını salamladı. H. Məmmədov qeyd etdi ki, bu gün həm də ona görə önəmlidir ki, 22 il öncə 10 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi tarixdir. Məhz belə bir Partiyanın üzvü olduğu və namizədi olaraq iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən H. Məmmədov vurğuladı ki, Partiyanın yarandığı gündən bugünədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük hədəflər əldə olunubdur və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir. "Mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü Partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülübdür. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyası namizədinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın iradəsi dayanıbdır", söyləyərək Hikmət Məmmədov tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Sonda təşkilat sədri T. Tağıyev, Milli Məclisə seçkilərdə Nərimanov rayon sakinlərinin YAP-ın namizədinə səs verəcəyinə şübhə etmədiyini, eyni zamanda, partiyamızın namizədinin öz növbəsində dövlətimizin
tərəqqisi, xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək əminliyini qeyd etdi.
Sonda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB