Prezident iki sərəncam imzaladı

Prezident iki sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Son illər Ucar şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, mərkəzi küçələrdə müasir işıqlandırma sistemi quraşdırılmış, şəhərdaxili avtomobil yolları əsaslı təmir olunmuş, parklar salınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ucarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Uçar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Prezidentin imzaladığı ikinci Sərəncamda deyilir:

Son illərdə Göyçay şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Bayraq Meydanı Kompleksi, Uşaq Musiqi Məktəbi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 45 mənzilli 2 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə