Geyim mədəniyyəti ilə bağlı görüş

Geyim mədəniyyəti ilə bağlı görüş

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı AGAT nəzdində yaradılan Etika Akademiyasında iş dünyasında ailədə, ictimaiyyətdə davranış qaydaları ilə bərabər geyim mədəniyyəti ilə bağlı görüş keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, Akademiyaya ustad dərsini keçmək üçün Paris və Rusiyada dəb evləri olan ən parlaq ulduzlara səhnə və gecə geyimlərini yaradan şərq üslublu kutirye Orxan Sultan dəvət edilib. Kostyumun yaranma tarixi, brendlərin klassifikasiyası, uşaqlarda zövq hissinin formalaşması barədə tövsiyələr olub.

Görüşdə özünü ifadə etmək qabiliyyətinə sahib olmağın ən incə sirləri açıqlanıb. Tədbir zamanı işgüzar və gənc xanımlar ölkəmizdə mövcud olan müsbət və mənfi tendensiyalar barədə müzakirəyə qoşulublar. Gənc qızların, məktəbli yeniyetmələrin yüksək daban geyinməsi, bəzək əşyalarından istifadəsi və brend məhsulların daşınmasının mənfi tərəfləri müzakirə edilib.

Orxan Sultan sağlam dəb dünyasında rahatlığın və sağlamlığın öndə olduğunu vurğulayıb. Etika Akademiyasının qonaqları siyahısında müğənni Tünzalə Ağayeva, modelyer-dizayner Gülnarə Xəlilova, bəstəkar Sevinc Ağasiyeva, televiziya aparıcısı Xədicə Sənanqızı idilər. Maraqlı müzakirədən sonra, Orxan Sultan milli kəlağayılarla son dəblə necə istifadə olunacağı barədə nümunələr göstərib.

Tədbir furşet dəzgahı ilə sona çatıb. Belə silsilə tədbirlərin gələcəkdə mütəmadi və daha geniş auditoriya ilə həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə