Lənkəranda “Tarixləşən-əbədiləşən ustad” kitabının təqdimat mərasimi keçirilib
Lənkəranda filologiya elmləri doktoru Yədulla Ağazadənin, prezident təqaüdçüsü, filologiya elmləri namizədi Mirhaşım Talışlı haqqında nəşr etdirdiyi kitabın təqdimatı keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, "Tarixləşən-əbədiləşən ustad" kitabının təqdimat mərasimində Lənkəran rayonunun tanınmış ziyalıları, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə bölmənin sədri İltifah Saleh açaraq filologiya elmləri doktoru Yədulla Ağazadənin əməkdar müəllim Mirhaşım Talışlının 90 illiyi münasibətilə ərsəyə gətirdiyi kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edib, yubilyarın həyat yolundan söz açıb. Mərasimdə çıxış edən digər qonaqlar sağlığında tarixləşən, əbədiləşən, Lənkəranda yazıb-yaradan ziyalı, ədəbiyyatşünas alimin həyat və yaradıcılığından bəhs ediblər. Diqqətə çatdırılıb ki, kitabın qəhrəmanı Mirhaşım Talışlı təkcə ədəbi əsərlərin deyil, pedaqoji və soraq-məlumat kitablarının da müəllifidir. Yeni nəşrin müəllifi Yədulla Ağazadə Mirhaşım Talışlının onun orta məktəb illərindən müəllimi olduğunu və sonradan birlikdə işlədiklərini, elə həmin illər ərzində də onu daha yaxından tanıdığını deyib. Mirhaşım Talışlı haqqında nəşr olunan kitabın onun üçün çox sevindirdici və əvəzolunmaz bir mənbə oluduğunu bildirib.
Qeyd edək ki, prezident təqaüdçüsü Mirhaşım Talışlı 100-dən çox elmi məqalənin, 5 kitabın, 3 metodik vəsaitin müəllifidir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB