Yanğınlarla bağlı müşavirə keçirilib

Yanğınlarla bağlı müşavirə keçirilib

Bu gün Səbail rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə "Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr" mövzusunda rayon müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, Səbail rayon rəhbərliyi, qəsəbə və ərazi nümayəndələrinin, bələdiyyələrin, rayon təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Regional Mülki Müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.

Müşavirəni Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev açaraq qonaqları salamlayıb. Bildirib ki, artıq 5-ci ildir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar yanğınların profilaktikası və yanğın təhlükəsizliyinin təmin olunması, bu hadisələr zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı tədbirlər həyata keçirilir. Eldar Ağayev il ərzində bu istiqamətdə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib.

Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşlarının "Bakı şəhərində 2014-2015-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar", "Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları", "Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları" mövzusunda çıxışlar dinlənilib.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2014-2015-ci illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırıb, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış edib. Hər bir idarə və təşkilat rəhbərlərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə