Prezident Göyçayda bir sıra obyektlərin açılışını edib FOTOLAR

Prezident Göyçayda bir sıra obyektlərin açılışını edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib. "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

Azərbaycan Prezidenti oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.

Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.

Prezident Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.

Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır. Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.

Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.

Prezidentin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.

Dövlətimizin başçısı əvvəlcə "Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi ilə tanış oldu.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

"Şəhər su təchizatı və kanalizasiya layihəsi"nin icrasına 2008-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə üç subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası, hər birinin həcmi 2000 kubmetr olan iki anbar inşa edilib. Eyni zamanda, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti üçün yeni ofis binası və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.

Diqqətə çatdırıldı ki, "Su təchizatı və kanalizasiya investisiya proqramı" layihəsinin icrasına isə 2012-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir.

Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.

Qeyd edildi ki, Göyçay şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1930-1970-ci illərdə mərhələlərlə yaradılıb və istismara yararsız vəziyyətdə idi. Yeni layihə icra olunana qədər abonentlərə içməli su sutkada 1 saat olmaqla qrafiklə verilirdi.

Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.

Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə