Qarabağ rayonunda gənclər hərbi xidmətə yola salınıb

Qarabağ rayonunda gənclər hərbi xidmətə yola salınıb

Oktyabrın 6-da Lökbatan qəsəbəsindəki 1941-1945-ci illər Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olan rayon sakinlərinin xatirəsinə yaradılan abidə kompleksinin önündə Qaradağ rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin nümayəndələri, rayon ağsaqqaları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Dövlət himnimizin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib. Gənclərə şərəflə xidmət etməyi arzulayıb.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd edib. Bildirib ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun daha da güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşü hərbçilərimizin ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür.

Son illər Azərbaycanda müasir hərbi sənaye kompleksinin yaradılması, hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir.

Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılara rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. Onlar müqəddəs Qurani-Kərimin və Azərbaycan Respublikasının dövlət bayrağı altından keçərək xidmətə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə