Aynur Veysəlova: "Valideynlər bu məsələlərə ciddi diqqət ayırmalıdırlar"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova bölgələrdə yaşayan qızların təhsildən uzaqlaşdırılması ilə bağlı problemə münasibət bildirib. SİA-ya açıqlamasında A.Veysəlova qeyd edib ki, bu məsələ çox aktual məsələdir və biz hamımız - istər dövlət və təhsil qurumları, istərsə də valideynlər qızların mütəmadi təhsil almasında maraqlı olmalıyıq: "Biz hər zaman qeyd edirik ki, sağlam və təhsilli qadın, sağlam cəmiyyət, təhsilli və savadlı nəsil deməkdir. Bu istiqamətdə bir sıra addımlar atılır. Azərbaycanın bir çox bölgələrində çox təəssüflər olsun ki, Azərbaycan qızlarının təhsil almasına maneçilik törədilir. 2011-2015-ci illərdə qəbul olunmuş dövlət proqramına görə gənclərimizə xaricdə təhsil almaq hüququ verilib. Bu proqram sayəsində 3 mindən çox gəncimiz xaricdə təhsil alır və onlardan 50 faizini xanımlar təşkil edir. Bu gün qızlarımız QHT-lər yaradır, onlara rəhbərlik edir və müxtəlif istiqamətlərdə maarifləndirici tədbirlərə başçılıq edir. Belə bir inkişaf fonunda ziddiyyətli bir proses də hökm sürür. Bir tərəfdən qızlarımız inkişaf edir, təhsildə müxtəlif uğurlara imza atır, elmdə böyük nailiyyətlər əldə edir, digər tərəfdən də bəzi qızlarımız çox təəssüf ki, bu hüquqlardan məhrum edilir. Onları bu hüquqlardan ilk növbədə valideynləri məhrum edir. Buna valideynlərin maraqları və düşüncələri səbəb olur. Çox zaman da dini görüşləri. Lakin Quranın müxtəlif ayə və surələrinə baxsaq görərik ki, burada təhsilin vacibliyinə dəfələrlə toxunulub".
O qeyd edib ki, qızlarımızın təhsilli olması, öz hüquqlarını bilməsi ilə bağlı müxtəlif qanunlarımız var və əgər onlara əməl olunsa çox gözəl nailiyyətlərə imza atmış olarıq: "Təəssüflər ki, bəzən valideynlər üçün qızlarının təhsil alması ən axırıncı planda gəlir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşı dinindən, cinsindən, yerli mənsubiyyətindən asılı olmayaraq təhsil almaq hüququna malikdir. Eyni zamanda "Uşaq Hüquqları Haqqında" qanunda bildirilir ki, hər bir uşaq təhsil almaq hüququna malikdir. Eyni zamanda Azərbaycan qanunvericiliyində əks olunan Ailə Məcəlləsində də valideynlik hüququ və vəzifələrinə toxunulur. Orada göstərilir ki, hər bir valideynin fiziki cəhətdən sağlam, təhsilli uşaq yetişdirməyə borcludur və eyni zamanda onun tərbiyəsi ilə də məşğul olmalı, ona görə məsuliyyət daşımalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində də bu məsələlərdən bəhs olunub. Əgər valideyn övladına qarşı məsuliyyətsiz yanaşırsa, o, mütləq şəkildə cəzalandırılmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bununla bağlı 2015-ci ildə qanun layihəsi hazırlayıb.
Bu məsələ ilə bağlı maarifləndirmə işlərinin aparılması da əhəmiyyətli rol oynayır. Bizim bununla bağlı "Ailə, məktəb, cəmiyyət" adlı bir layihəmiz var. Layihə çərçivəsində artıq Bakıdan tutmuş rayonlara qədər müəyyən tədbirlər həyata keçirilir. Xüsusilə də burada valideyn övlad münasibətləri, ünsiyyət məsəlləri qabardılır. Xüsusi sosial çarxlar, qısa metrajlı sosial filmlər hazırlanır və nümayiş olunur. Biz bununla valideynlərə göstərməyə çalışırıq ki, əgər övladınızı təhsildən uzaqlaşdırsanız onların aqibəti yaxşı nəticələnməyə bilər. Bir çox hallarda da qızlarımızı çətin həyat şəraiti gözləyə bilər. Ən çox hallarda biz görürük ki, valideynlər uşaqlarına diqqət yetirmir və onların təhsili ilə yaxından maraqlanmırlar. Bəzən ailə daxili konflikt yaşayış tərzinə gətirib çıxarır. Bu uşaqların cəmiyyətdən və ailədən təcrid olunmasına gətirib çıxarır. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi ilə birgə tədbirlər və layihələr həyata keçirir. Həmçinin valideynlər də bu məsələlərə məsuliyyətlə yanaşmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB