Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyəti artırıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyəti artırıldı

Dini Qurumlara iş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin plenar iclasında məsələ müzakirə olunub. "Dini etiqad azadlığı haqqında" qanuna əsasən Komitə bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq yoxlamalar aparacaq. Eyni zamanda qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kursları təşkil edəcək.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün iki dini təşkilat var ki, onlar siyasi açıqlamalar verir: "Dini təşkilatlardan ikisi bildirib ki, seçkiləri boykot edəcəklər. Onlar QHT-lərdir və nizamnamələrində siyasi məsələlərə müdaxilələri qanunla qadağandır. Qanuna əlavə və dəyişiklik edilməsini təklif edirəm ki, belə siyasi çıxışlar edən dini təşkilatların fəaliyyəti dayandırılsın. Onlar dini fəaliyyətdən çox siyasi fəaliyyətlə məşğul olurlar. Dini komitəyə səlahiyyət vermək lazımdır ki, sözügedən dini təşkilarlar barəsində ölçü götürülsün və fəaliyyəti dayandırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə