Bakı metrosundakı xəzinədar xanımların aqibəti məlum oldu

Bakı metrosundakı xəzinədar xanımların aqibəti məlum oldu

"Biz əvvəlcədən də elan etmişdik ki, "Bakı Metropoliteni" QSC-də xəzinələr ləğv ediləcək. Çünki bizim bəzi xəzinələr həm köhnə metro kartlarını satırdılar, həm də həmin kartlara gedişhaqqı yükləyirdilər. Həmçinin kartlarda hər hansı bir problem olurdusa, onu həll edirdilər və insanların iri pullarını xırdalıyırdılar". Bunu SİA-ya Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum sözçüsünün sözlərinə görə, artıq "Bakı Metropoliteni" QSC "Bakı kart" sisteminə keçdiyinə görə, kartın satışını və gedişhaqqının yüklənməsini də "Bakı kart" aparatları həll edir: "Eyni zamanda kartda hansısa problem yarananda "Bakı kart"ın metronun 4 stansiyasında kart analiz mərkəzi var ki, bütün problemlər də orada həll olunur. Yəni bu o deməkdir ki, bizim xəzinələrin funksiyası artıq başa çatıb. Məhz buna görə də oktyabrın 1-dən etibarən biz xəzinələri ləğv etmişik. Burada yalnız gün ərzində bir neçə sərnişinin pul xırdalamasından söhbət gedir. Yəni bu da problem deyil. "Bakı kart"ın aparatları sadəcə metrostansiyalarda deyil, eləcə də "Baku Bus" MMC-nin dayanacaqlarında, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən köşklərdə də var. Bir sözlə, sərnişinlər istənilən yerlərdə gedişhaqqını yükləyə bilərlər".

Metroda xəzinədar xanımların aqibəti ilə bağlı məsələyə gəlincə, N.Paşayev əlavə edib ki, onların kriteriyalarına, stajlarına, təhsillərinə uyğun olaraq metroda işlər təklif olunacaq: "Bu işlər qarşılıqlı razılaşma əsasında olacaq. Əgər həmin xanımlar onlara edilən təkliflə razılaşarlarsa, o zaman metrodakı fəaliyyətlərini davam etdirə bilərəcklər".

Bütün xəbərlər Facebook səhifəmizdə