Latviya nümayəndə heyəti Gəncədə (FOTO)

Latviya nümayəndə heyəti Gəncədə (FOTO)

Latviyanın Riqa şəhər Dumasının vitse-merinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində qonaqlar Gəncə şəhər rəhbərliyi ilə görüşüblər. Görüşdə Gəncə və Riqa arasında həyata keçirilə biləcək müştərək layihələrdən söhbət açılıb. Riqa şəhər Dumasının vitse-meri Andris Ameriks qeyd edib ki, Riqa mədəniyyət, turizm və kommunal, xüsusilə zibil emalı sahələrində öz təcrübəsini Gəncə ilə bölüşə və bu sahənin inkişafı istiqamətində birgə layihələr həyata keçirə bilər.

Qeyd edək ki, 2012-ci ildə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti və Riqa şəhər Şərqi İcra direksiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Latviyalı nümayəndə heyəti də məhz həmin müqaviləyə əsasən, təcrübə mübadiləsi və yerli layihələrin icrası ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycana gəlib. Qonaqlar Gəncədən sonra Qəbələyə səfər edəcəklər.

"Biz düşündük ki, Bakı ilə olan əlaqələri Azərbaycanın digər bölgələri ilə də qurmaq olar. Gəncə ilə bir sıra sahələrdə əməkdaşlıq etmək üçün imkanlar var. Biz çox şadıq ki, növbəti ildə Gəncə Avropa Gənclər paytaxtı olacaq. Bura mütləq gənclərdən ibarət nümayəndə heyəti göndərəcəyik. Mən şəhər rəhbərliyini Riqaya dəvət etdim. Biz əməkdaşlıq edə biləcəyimiz sahələri bir daha gözdən keçirəcəyik"- deyə, Andris Ameriks bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə