Gənclər həqiqi hərbi xidmətə yola salındı

Gənclər həqiqi hərbi xidmətə yola salındı

Oktyabrın 2-də Suraxanı rayonundakı Heydər Əliyev Parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması mərasimi təşkil edilib. Rayon icra hakimiyyətindən bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə güllər qoyub, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisinin müavini - səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin rəisi Qurban Şirinov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycan öz iqtisadi qüdrətini və paralel olaraq müdafiə gücünü artırır və təkmilləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə qüdrəti davamlı surətdə güclənir. Yalnız qüdrətli iqtisadiyyata malik ölkənin güclü ordusu və müasir hərbi sənayesi ola bilər. Ölkəmiz məhz bu yolla gedir.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında Milli Ordumuzun əhəmiyyətindən söz açıb. O, ölkəmizin müdafiəsinin və təhlükəsizliyinin təminində Azərbaycan Silahlı Qüvvələrinin mühüm rolundan danışıb.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, rayon Veteranlar Şurası idarə heyətinin üzvü Müseyib Bağırov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon veteranları şurasının sədri Eldar Rüstəmov, YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov, şəhid ailələri adından Nəsibə Əliyeva çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Tədbirə qatılan Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, gənclərə şərəflə xidmət etməyi arzulayıblar.

Sonda çağırışçılar Azərbaycan bayrağını öpərək müqəddəs "Qurani-Kərim"in altından keçiblər. Gənclər ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə