Naxçıvanda əməyin mühafizəsi diqqət mərkəzində saxlanılır

Naxçıvanda əməyin mühafizəsi diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tikinti və istehsal müəssisələrində işçilərin əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsi, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk 9 ayı ərzində işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 81 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib.

Bu ilin ilk 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə 32 tikinti sahəsinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilib.

Qeyd olunan dövrdə işəgötürən şəxslərlə əmək müqavilələrinin bağlanması və əmək haqlarının real göstərilməsinə nəzarət məqsədilə 414 sahibkarlıq obyektinə baxış keçirilib.

"İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri ilə birlikdə müvafiq sahibkarlıq subyektlərində araşdırmalar aparılıb.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində "Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma, qayda və standartlarına əməl olunması" və "Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması" mövzularında maarifləndirici kurslar təşkil olunub. Kurslara muxtar respublikada fəaliyyət göstərən 76 müəssisədən 83 nümayəndə cəlb edilib.

Kurslarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agent­liyinin, Həmkarlar İttifaqları Şurasının və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən mövzular tədris olunub.

İstehsalat xüsusiyyətləri nəzərə alınmaqla, müəssisələrdə əməyin mühafizəsi mütəxəssislərinin biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə seminarlar keçirilib, seminar iştirakçılarına əməyin mühafizəsinə dair bukletlər təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə