Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin sənaye naziri Əhməd Abtev ilə görüşüb. Görüşdə Elman Abdullayev Azərbaycan haqqında geniş məlumat verib, ölkəmizin regionun aparıcı sənaye mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafı nəticəsində iqtisadiyyatımızın bütün sahələrində böyük nailliyyətlərin əldə edildiyini vurğulayan səfir ölkəmizin regionun əsas investoru olduğunu bildirib.
Nazir Əhməd Abtev Azərbaycanın sənaye sahəsində böyük uğurlar əldə etdiyini bildirib və bu uğurları yüksək qiymətləndirib. O, Efiopiyanın Azərbaycanla əməkdaşlıq etməyə maraqlı və hazır olduğunu qeyd edib. Nazir Azərbaycan şirkətlərini Efiopiya iqitsadiyyatına investisiya qoymağa dəvət edib. O, Azərbaycan şirkətlərinin Efiopiyada fəaliyyəti üçün münbit şəraitin yaradılacağını vurğulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
AZƏRTAC, Əddis-Əbəbə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB