Oktyabrın 1-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun ölkəmizdə yaşayan Leninqrad blokadası veteranları ilə görüşü olub. Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin görüşü açaraq Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Leninqradın müdafiəçilərinin – döyüşçülərin və şəhər sakinlərinin fədakarlığının böyük əhəmiyyətini vurğulayıb. Səfir bildirib ki, onlar ölkələrimizin ümumi tarixinin, faşizm üzərində birgə Qələbəmizin bir hissəsidir. Rusiya səfiri deyib: "Taleyin hökmü ilə bir neçə blokadaçı qadın Bakıya köçüb, azərbaycanlılara ərə gedib. Onlar Azərbaycanda blokadaçılar cəmiyyəti yaradıblar. Bu cəmiyyət Böyük Vətən müharibəsi haqqında bütün həqiqətləri gənc nəslə çatdırır".
Sankt-Peterburqun qubernatoru blokadaçıların misilsiz hünərini vurğulayaraq deyib: "Biz blokadaçıların xatirəsini dərin ehtiramla anırıq və şəhərdəki bütün xatirə yerlərini abad vəziyyətdə saxlayırıq. Sankt-Peterburq rəhbərliyi blokadaçıların, o cümlədən Rusiyanın hüdudlarından kənarda yaşayan blokadaçıların taleyi ilə həmişə maraqlanır. Harada oluruqsa-olaq, həmişə blokadaçılarla görüşməyə çalışırıq. Bu gün sizinlə anadan olduğum Bakı şəhərində görüşmək xüsusilə xoşdur. Yeri gəlmişkən, Azərbaycanın paytaxtı ildən-ilə gözəlləşən beynəlmiləl şəhərdir. İki il əvvəl Piskaryov Memorial Qəbiristanlığında blokadada olan Leninqrad uşaqlarına abidənin tikintisinin Sankt-Peterburqun Azərbaycan diasporu tərəfindən maliyyələşdirməsini qeyd etməyə bilmərəm. Hazırda Sankt-Peterburqda 380 min azərbaycanlı yaşayır ki, bu da şəhərimizin ümumi əhalisinin 7 faizidir".
Azərbaycanda Leninqrad Blokadası İştirakçıları İctimai Birliyinin sədri İrina Qədimova deyib: "Biz, blokadaçı veteranlar müharibənin nə demək olduğunu öz gözümüzlə görmüşük. Bu gün biz dövlət rəhbərlərimizin sülhün bərqərar edilməsinə töhfəsini dəstəkləyir və yüksək qiymətləndiririk. Cəmiyyətimiz rəsmi şəkildə 2005-ci ildə qeydə alınıb. Onda bu cəmiyyətə təqribən 50 adam daxil idi. İndi cəmi 9 nəfər qalmışıq. Nə qədər ki, canımızda can var, biz o dövrün bütün dəhşətlərini insanlara, xüsusən də gənclərə çatdırmalıyıq. Biz fəxr edirik ki, gözəl Azərbaycanda yaşayırıq. Prezident İlham Əliyevin bizə diqqət və qayğısını daim hiss edirik. Azərbaycanın paytaxtı bizim üçün ən gözəl şəhərdir. Bakının hər daşı bizə əzizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB