Qocalar evi...İlk baxışdan bir çoxumuzun dərindən anlaya, dərk edə bilmədiyi həyat hekayələrinin birləşdiyi ocaq. Bu gün Qocalar Evində özlərinin ürəkağrıdıcı, qəlbyandırıcı ən müxtəlif həyat hekayələri ilə gözləri hər an, hər dəqiqə qapıda qalaraq ömür sürən o qədər qocalar var ki... Bu qocalara baxanda insanın içi parça-parça olur. Bəzilərinin "kaş anam-atam sağ olaydı" deyib için-için yandığını düşünüb, başqa birisinin isə ömrümüzdəki ən müqəddəs varlıqdan-valideyndən vaz keçib onları evdən qovanları düşünüb bir daha dəhşətə gəlirsən belə qocalara baxdıqca...
.jpg)
Normal təfəkkür sahibi olan bir insan üçün valideynindən imtina etməyin dərkedilməz bir reallıq olduğu hər birimizə aydındır. Onları gördükcə, bir-bir tanış olduqca insanın başında o qədər fikir cərəyan edir ki. İlahi gərək nə qədər vicdansız övlad olasan ki, öz valideyinini yuvasından, evindən ayıra biləsən. Gecələr yatmayıb sənin qayğına qalan ananı, sənə bir parça çörək yedirtməkdən ötəri özünü hər çətinliyin altına salan atanı doğmalarından ayırıb qocalar evinə yerləşdirməyə necə ürəyin gəldi ay övlad adından bixəbər insan. Budurmu sizin övladlıq borcunuz? Budurmu sizin ədalət tərəziniz?
Anasının varlığından narahat olan, onunla bir evdə yaşamaqdan, onunla eyni süfrədə yemək yeməkdən bezən bir "kişi" günlərin birində Hz. Məhəmmədin hüzuruna gələrək ona "Ya rəsulum, mən anamdan imtina edirəm, mənim anam çox pisdir" deyir. Peyğəmbər (s) təmkinli bir şəkildə kişidən "Nədən belə bir qərara gəlmisən?"-deyə soruşur. Kişi cavabında "Ya rəsulum, mənim anam çox pisdir, mən onun üçün hər şey edirəm, amma anam "pisdir" deyir. Peyğəmbər (s) "Anan pis ola bilməz" deyir. Kişi yenə öz dediyini təkrarlayır, peyğəmbər (s) də yenə öz cavabını təkrarlamaqdan yorulmur. Nəhayətində kişi yenə deyir: "Ya rəsulum, mənim anam heç bir yaxışılıq bilmir, mən onu hətta Mədinədən Məkkəyə qədər belimdə piyada gəzdirmişəm, amma anam yenə deyinir, yaxşılıqlarımı qiymətləndirmir" deyir. İnsanlığın səbrinin ən gözəl nümunəsi və səbrin ən ali mərtəbəsində duran peyğəmbər (s) təmkinini və səbrini pozmadan cavabında "Sən bütün həyatın boyu ananı belində gəzdirsən də, onun səni dünyaya gətirərkən çəkdiyi sancının birinin belə əvəzini verə bilməzsən" deyir. İnsanlar qocalanda ahıl yaşa çatanda daha həssas olur. Yaxınlarından, qohumlarından nəvaziş, diqqət gözlədikləri halda, gördükləri saymamazlıq, diqqətsizlik olur. Ailədaxili münaqişələr zəminində - məsələn, gəlin qaynana-qaynata münasibətlərində yaşanan xoşagəlməz hallar sonda onlardan birinin və ya hər ikisinin qocalar evinə yerləşdirilməsilə nəticələnir.
Psixoloqlar da təsdiqləyir ki, yaşa dolduqca insanlar arasında söz ya da davranış xoşa gəlməyə bilər, hətta ahıl yaşlı şəxsin özünü aparmasında fərqlilik özünü biruzə verər. Amma onların qocalar evinə yerləşdirilməsi heç də problemin həlli yolu deyil. Digər bir tərəfdən kiminsə evi darlıq edir atasının və yaxud da anasının da narazılıq etmədiyini görüb, onu kimsəsizlər evinə gətirir. Amma nə evdə yer genişlənir, nə də sənin vicdanın susmur. Bəzən bu cür insanlar öz mənəvi cinayətlərinə bəraət qazandırmağa, iyrənc hərəkətlərinə haqq verərək öz vicdanlarını sakitləşdirməyə çalışırlar. Ortada bir reallıq var. Heç bir səbəb insanın valideynini evdən qovması üçün keçərli ola bilməz. Əlbəttə, günah edən şəxs ən müxtəlif yollarla öz vicdanını rahatlatmağa çalışır, amma bağışlanılması mümkün olmayan, eşidəndə insanın tüklərini ürpərdən belə hallarda vicdanın rahatlanması elə də asan olmur.
Düzdür biz cəmiyyətdə nə qədər bu hallarla qarşılaşsaq da, nə qədər əksini arzulasaq da, təəssüf ki, bu gün öz ata-anasından imtina edən "övladlar" az deyil. Üzümü o övladlara tutub deyirəm, nə qədər ki, sizi böyüdüb boya-başa çatdıran valideyinləriniz yanınzdadır onların əlindən bərk-bərk tutun. Bir zamanlar sizə verdikləri nəvazişə indi elə onların ehtiyacı var. İmkan verin ömürlərinin ahıl çağlarını sevdiklərinin yanında keçirsinlər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB