"Cəbhə xəttində, bölgələrdə və ya hər hansı bir yerdə baş vermiş hadisə ilə bağlı faktları dəqiqləşdirmədən mətbuatda dərc etmək düzgün deyil". Bunu SİA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisdə "KİV haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı səslənən təklifə münasibətini bildirərəkən deyib.
Onun sözlərinə görə, Mətbuat Şurasının bu məsələlərlə bağlı mövqeyi birmənalıdır: "İndiki şəraitdə hərbi məsələlərlə bağlı bütün faktlar Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsasən müəyyənləşdirilməlidir. Məhz bundan sonra baş verən hadisələr ölkə ictimaiyyətinə çatdırıla bilər. Bu birmənalı olaraq Mətbuat Şurasının öz mövqeyidir. Burada hadisələrin vacibliyindən də çox şey asılıdır. Əgər cəbhə bölgəsində ciddi, vacib və əhəmiyyətli bir hadisə baş veribsə, bu hadisə istər-istəməz kütləvi informasiya vasitələrində də öz əksini tapacaq".
Qeyd edək ki, Milli Məclisin deputatı Zahid Oruc cəbhə xəttində baş verən hadisələrlə bağlı bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan informasiyaların Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını bəyan edərək "KİV haqqında" qanuna dəyişiklik edilməsi təklifini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB