Nəsimi Paşayev: "Eskalatorlar təlimata görə işləyir"

Nəsimi Paşayev: "Eskalatorlar təlimata görə işləyir"

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev eskalatorla bağlı yaranan narazılıqlara aydınlıq gətirib. SİA-nın məlumatına görə, o bildirib ki, eskalatorların istifadəsi ilə bağlı təlimatlar var və "Bakı Metropoliteni"nin bütün eskalatorları təlimatlara uyğun işləyir.

"Eskalatorlar sıxlıqdan asılı olaraq səhər və axşam saatlarında bütünlüklə istifadəyə verilir. "Elmlər Akademiyası" metrostansiyasında səhər tələbələrin sıx olduğu vaxtlar iki eskalator yuxarı, bir eskalator isə aşağı işləyir. Eyni halda günorta vaxtları da ikisi aşağı, biri isə yuxarı doğru işləyir. Eskalatorların fəaliyyəti bilavasitə insan sıxlığından asılıdır"- deyə, N. Paşayev qeyd edib.

Mətbuat katibi bu gündən etibarən metroda kassaların yığışdırılması məsələsinə də toxunub.

Nəsimi Paşayev söyləyib ki, pul xırdalama işi kassaların səlahiyyətinə aid deyildi: "Bu gündən etibarən bütün kassalar tamamilə ləğv olundu. Çünki artıq onların funksiyasını yerinə yetirən bankomatlar var. Yaradılmış bu kassalar pul xırdalama işinə baxmırdı. Onlar metro kart satır, karta pul yükləyir və metro kartla bağlı yaranmış problemlərlə məşğul olurdular. Sadəcə xırda pulu olmayan şəxslər üçün pul da xırdalayırdılar. İndi isə onların bütün səlahiyyəti bankomatlar tərəfindən həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə