Bu gün Astara şəhərində "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda ikigünlük regional konfrans işə başlayıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Astara RİH-nin başçısı Qəzənfər Ağayev tədbiri giriş sözü ilə açaraq respublikamızda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Konfransda məruzə edən DQİDK-nin sədri Mübariz Qurbanlı qeyd edib ki, dünyəvi, hüquqi və demokratik dövlət olmaqla həm də multikulturalizm və tolerantlıq ölkəsi olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmanlardır. Sovet İttifaqı dövründə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2500-ə çatdırılıb.
M. Qurbanlı Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini diqqətə çtdıraraq onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Ənənəvi İslam dəyərlərini qoruyub saxlamağın və bu dəyərləri olduğu kimi insanlara çatdırmağın qarşıda duran ümdə vəzifələrdən biri olduğunu vurğulayan Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırıb.
Konfransda Türkiyə Universitetləri Məzunları İctimai Birliyin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov mövzu ətrafında çıxış ediblər.
İkigünlük regional konfrans öz işini sentyabrın 30-da plenar iclaslarda davam etdirəcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB