"Azərişıq" və "Azəriqaz" qışa hazırdır

"Azərişıq" və "Azəriqaz" qışa hazırdır

İlin sonu əhalini ən çox düşündürən məsələ qışa hazırlıq prosesidir. Bununla bağlı "Azərişıq" və "Azəriqaz" ASC-də qışa hazırlıq prosesinin necə getdiyi haqda məlumat aldıq. "Azərişıq" artıq tam olaraq qışa hazırdır. Bu barədə SİA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, əslində yayda işığa tələbat qışa nisbətən daha çoxdur, məhz buna görə də elə yayın özündə də bu sahədə böyük işlər görülür: "Bu il ərzində çoxlu dayaqlar dəyişdirilib, yeni transformatorlar gətirilib, köhnə transformatorlar isə daha güclüləri ilə əvəz edilib. Eyni zamanda yeni yarımstansiyalar inşa olunub".

Onun sözlərinə görə rayonlardan, kəndlərdən və qəsəbələrdən tutmuş şəhərin mərkəzinə qədər bütün qışa hazırlıq işləri artıq həyata keçirilib və bu işlər "Azərişıq"ın qışa hazır olduğunu təsdiqləyir.

"Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin sözlərinə görə, qış mövsümünə hazırlıq işləri proqrama əsasən hazırlanır: "Köhnə və istifadəyə yararsız boruları tam şəkildə təmir etməyə çalışırıq. Hər il bununla bağlı proqramlar hazırlanır. Bu il də müvafiq proqramlar üzrə təmir işləri aparılacaq".

O bildirib ki, Abşeron rayonunda həyata keçirilən yenidənqurma işləri demək olar ki, başa çatıb: "Xırda problemlər ola bilər. Lakin əlimizdən gəldiyi qədər bu problemləri aradan qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə