Lerik Rayon Mədəniyyət Mərkəzində tanınmış ictimai xadim, iki çağırış Milli Məclisin deputatı olmuş el ağsaqqalı Miri Qənbərovun anadan olmasının 80 illik yubileyi qeyd edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, mədəniyyət evinin foyesində M. Qənbərovun mənalı ömür yolunu əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova Miri Qənbərovun həyat yolu, ictimai-siyasi fəaliyyəti barədə məlumat verib. Sonra yubilyarın ömür yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib.

Yubiley tədbirində Milli Məclisin deputatları Hadı Rəcəbli, İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və başaqları çıxış edərək Miri Qənbərov haqqında xatirələrini bölüşüblər, onun həmişə saf əqidəsi, xeyirxahlığı ilə seçildiyini, bu gün də respublikanın və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini dövlətçiliyə, ulu öndər Heydər Əliyev siyasi xəttinə, elinə-obasına bağlı ağsaqqal kimi xarakterizə ediblər.

Tədbirdə çıxış edən Miri Qənbərov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Mərasimdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin ifasında rəngarəng musiqi nömrələri ifa edilib, məktəblilərin ifasında yubilyara həsr edilmiş şeirlər səsləndirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB