“Bələdiyyələr lazımi izahat işləri aparmalıdırlar”

“Bələdiyyələr lazımi izahat işləri aparmalıdırlar”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək bildirib ki, tədbirin budəfəki mövzusu bələdiyyələrin daşınmaz əmlakdan götürdüyü vergi ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, bələdiyyələrin büdcəsində bu pay təxminən 10 faizə yaxındır. Azərbaycanda 1,9 milyon ev təsərrüfatı var, o cümlədən, şəhərlərdə 1 milyondan artıq mənzillər var, onda bu daşınmaz əmlakdan tutulan vergi o qədər də böyük məbləğ sayılmır.

Bu sahədə vergilərin yığılmasında çətinliklər var deyən QHT rəhbəri deyib ki, bunun səbəblərindən biri ev təsərrüfatlarının hamısının qeydiyyatdan keçməməsidir. Vurğulanıb ki, bu, bəzi insanları təmin edir. Özləri də istəmirlər ki, gedib sənədləri alsınlar. Bu mənada bələdiyyələrin üzərinə böyük vəzifə düşür. Verginin yığılmasının texniki hissəsindən daha çətini insanları bələdiyyə vergilərini ödəməyə inandırmaqdır. Seçicilərə göstərmək lazımdır ki, yığılan vəsait hara gedir. İnsanlar bunu bilməsə, yenə laqeyd baxacaqlar.

Tədbirdə digər çıxış edən bələdiyyə üzvləri bu sahədəki problemlərin mövcudluğundan və onların həlli istiqamətində görüləcək işlərdən danışıblar.

Bildirilib ki, bələdiyyələr bizim gələcəyimiz və Azərbaycanın inkişafında mühüm rol oynayacaq. Onların rolu indi də kiçik deyil. Bələdiyyələr öz işləri barədə məlumat verməli, lazımi izahat işləri aparmalıdırlar.

Tədbirdə həmçinin layihə çərçivəsində hazırlanan bukletlər də paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə