Azərbaycan bayrağı Elbrus zirvəsində dalğalandırıldı FOTOLAR

Azərbaycan bayrağı Elbrus zirvəsində dalğalandırıldı FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti "Sodrujestvo" beynəxalq gənclər təşkilatı tərəfindən dəniz səviyyəsindən 5642 metr yüksəklikdə yerləşən Elbrus zirvəsinə təşkil olunmuş yürüşdə iştirak edib. SİA-nın məlumatına görə, ARGTMŞ-ın nümayəndə heyətinin tərkibində onun üzvü olan Azərbaycan Skautlar Assosiyasiyasının nümayəndələri yer alıb. Yürüşdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı MDB, Baltikyanı və Qafqaz ölkələrini təmsil edən gənc jurnalistlər və bloqçular iştirak ediblər. Yürüş gənclər arasında vətənpərvərlik şüurunun, tarixi yaddaşın təbliği məqsədilə təşkil olunub.

Yürüş çərçivəsində iştirakçı ölkələrin gəncləri sözügedən mövzularda ətraflı məlumat əldə ediblər. Daha sonra gənclər Elbrus zirvəsinə olan yürüşdə əldə etdikləri məlumatlar əsasında tərtib etdikləri məqalələri sosial şəbəkələrdə paylaşıblar. Sonda, ARGTMŞ-ın nümayəndələri dəniz səviyyəsindən 5642 metr yüksəklikdə yerləşən Elbrus zirvəsinə qalxaraq ölkənin bayrağını dalğalandırıblar.

Məlumat üçün qeyd edək ki, "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb. ARGTMŞ 2012-ci ildən təşkilatın idarə heyəti və Nəzarət Təftiş Komissiyasında təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə