Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin və Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiə Qarayeva ermənilərin XIX əsrin əvvəllərindən indiyədək torpaq iddiası ilə törətdikləri qanlı hadisələrdən danışıb. Diqqətə çatdırılıb ki, bu hadisələr 1990-cı illərin əvvəllərində daha geniş vüsət alaraq Xocalı faciəsinə yol açıb. Yüzlərlə rayon sakini qətlə yetirilib, yüzlərlə xocalılı əlil qalıb. Təəssüflər olsun ki, bu gün də ermənilərin məkrli siyasət davam edir və dünya birliyi ölkələri buna göz yumur.

Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri İradə Abbas isə ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-memarlıq abidələrini məhv etmələrindən, habelə xaricdə yaşayan erməniləri bu ərazilərə köçürərək məskunlaşdırmalarından söhbət açıb.

Tədbirdə çıxış edənlər Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət başçımızın gördüyü işləri, onun bu istiqamətdə qətiyyətli çıxışlarını yüksək dəyərləndiriblər. Əminliklə bildiriblər ki, tezliklə qüdrətli Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə