Qurbanlıq heyvanların satışı necə təşkil olunub? FOTOLAR

Gigiyena və Epidemiologiya Mərkəzi reydlərə başlayıb
Qurbanlıq heyvanların satışı necə təşkil olunub? FOTOLAR

Bu gündən etibarən Qurban bayramının əsas rəmzi olan qurbanlıq heyvanların kəsimi olacaq. Artıq bu gündən başlayaraq yarmarkalara Qurbanlıq heyvanlar gətiriləcək, eyni zamanda müvvəqəti kəsim məntəqələri də quraşdırılacaq.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, bazara əvvəlki illərdən daha çox xırdabuynuzlu heyvanların çıxarılması nəzərdə tutulur: "Xeyli miqdarda heyvanların satışa çıxarılması təbii ki, qiymətlərin aşağı düşməsinə təsir edəcək".

Yarmarkalara Qurbanlıq heyvanların əksəriyyəti Gürcüstandan gətirilir. Bununla yanaşı yerli xırdabuynuzlu heyvanlar da satışa çıxarılıb.

Satıcı Məmməd Abıyev deyir ki, qurbanlıq heyvanları Cəlilabaddan gətirmişik: "Kilosu 8-10 manat arasında dəyişir. Hazırda 10-11 kiloluq heyvan 100 manata başa gəlir".

Satış üçün paytaxta gətirilən qurbanlıqlar baytarlıq nəzarətindən də keçib. Lakin qurbanlıq heyvanların bu il çox olması sahibkarların yarmarkalardan kənar satışlar təşkil etməsinə yol açıb.

Bəzi ərazilərdə, yarmarkaların və avtomobil yollarının lap yaxınlığında satış məntəqələri də təşkil olunub. Burda sadəcə satış yox, həm də kəsim də aparılır.

Gigiyena və Epidemiologiya Mərkəzi isə hesab edir ki, yol kənarlarında heyvanların satışı təşkil olunsa da, belə natəmiz şəraitdə heyvanların kəsilməsi düzgün deyil. Bu kimi halların qarşısını almaq məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi artıq reydlərə başlayıb. Reydlər paytaxt və rayonlarda aparılır.

Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, bununla bağlı yerli icra hakimiyyət orqanlarına lazımi göstərişlər verilib - bələdiyə və polis orqanlar yerlərdə vəziyyətə nəzarət etsinlər.

Gigiyena və Epidemiologiya Mərkəzi tövsiyyə edir ki, kütləvi kəsimlər vaxtı elə yerlər seçilməlidir ki, həm kəsilən qurbanlıqların ətləri təmiz olsun, həm də ətraf ərazilərin sanitariya qaydalarına riayət olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə