Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, bu ali məktəbin tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 46-cı ildönümünə həsr edilən anma mərasimi keçirilib. ADU-dan SİA-ya bildiriblər ki, mərasim şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetin foyesində yaradılmış açıq muzeyin qarşısında Ü.Bünyadzadənin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADU-nun rektoru, professor Səməd Seyidov Ü.Bünyadzadənin doğum gününün hər il universitetdə qeyd olunduğunu, illər keçsə də, onun xatirəsinin yad ediləcəyini, yaradıcılığı, vətənpərvərliyi ilə zirvəyə yüksələn şəhidin həmişə yaddaşlarda iz qoyacağını bildirib. Şəhidlik adına yüksəlməyin hər kəsə nəsib olmadığını deyən rektor S.Seyidov Ülvi Bünyadzadənin ömrünün enerjisini, fəlsəfəsini cəmləşdirərək könüllü, şüurlu şəkildə bu zirvəyə yüksəlməsindən, həmçinin onun millətə, dövlətə, torpağa olan böyük sevgisindən danışıb. Ümummilli lider Heydər Əliyevin "Müstəqilliyi əldə etmək çətindir, amma onu qoruyub saxlamaq ondan qat-qat çətindir" sözlərini xatırladan professor Səməd Seyidov Ülvinin də müstəqillik əldə etmək üçün canından keçdiyini diqqətə çatdırıb.
Universitetin linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ingilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu da Ü.Bünyadzadə ilə bağlı xatirələrini bölüşüb, onun şücaət və vətənpərvərliyindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB