Lənkəranda şahmatçılar mükafatlandırıldı

Lənkəranda şahmatçılar mükafatlandırıldı

Xəbər verildiyi kimi, 5-16 iyul 2015-ci il tarixində Zaqatala şəhərində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. Bu yarışda Lənkəran şəhər Şahmat məktəbinin komandası qalib adını qazanıb. Bundan əlavə, şahmatçılarımız şəxsi birincilikdə də yüksək nailiyyətlər qazanıblar.

Eyni zamanda, 20-28 avqust 2015-ci il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında Lənkəran şəhər Şahmat məktəbinin zəka sahibləri uğurlu nəticələr əldə ediblər.

Sentyabrın 23-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Respublika Şahmat Olimpiadasında və Beynəlxalq Şahmat Festivalında uğur qazanan Şahmat məktəbinin yetirmələrini qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, İcra başçısı bildirib ki, ulu öndər Heydər Əliyev şahmatın yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsində mühum rol oynadığını xüsusi vurğulayıb. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev Respublikamızda idmanın, o cümlədən bu müdrik oyunun inkişafına böyük diqqət və qayğı göstərir, bölgələrdə şahmat məktəblərinin açılmasına mühüm önəm verir.

Yeniyetmə şahmatçılarımızın qazandığı uğurların hamını sevindirdiyini söyləyən Taleh Qaraşov həm Respublika, həm də beynəlxalq yarışlarda onların Lənkəranın adını həmişə yüksəklərə qaldırdığını fərəhlə qeyd edib. "Siz ölkə şahmatının inkişafına öz töhfələrinizi verirsiniz. Bu sahədə xidmətiniz əvəzsizdir" –İcra başçısı söyləyib. Onları qazandıqları qələbələr münasibətilə təbrik edən Taleh Qaraşov şahmatçılara imkanlarından maksimum səmərəli istifadə etməyi və gələcək yarışlarda yeni-yeni qələbə sevincləri arzulayıb.

Şahmat məktəbinin direktoru İdrak Dadaşov ölkəmizdə şahmatın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət rəhbəri cənab İlham Əliyevə, bugünkü səmimi qəbula və təbriklərə görə İcra başçısına minnətdarlığını bildirib.

Sonra Taleh Qaraşov Respublika Şahmat Olimpiadasının çempionları Vüsal Həsənzadə, Kənan Əhədzadə, Turqut Vəliyev, Nəzrin Mirzəzadə, o cümlədən şəxsi birinciliyin qalibləri Ayan Allahverdiyeva, Hacıəli Əhədzadə və Nəriman Ağayevə Fəxri fərmanlar və hədiyyələr təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə