Ekart Hötzel ADU-nun Fəxri Doktoru oldu

Ekart Hötzel ADU-nun Fəxri Doktoru oldu

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) bu tədris ilində Elmi Şuranın ilk iclası keçirildi. İclasda Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Ekart Hötzel ADU-nun Fəxri Doktoru adı ilə təltif olunub. SİA-nın verdiyi məlumata görə, ADU-nun fəxri doktorları sırasında Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İsrailin prezidenti Şimon Peres, Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypolun da olduğunu söyləyən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitunun direktoru Ekart Hötzelə Fəxri doktor diplomunu və mantiyanı təqdim edib.

Ekart Hötzel ADU-nun Elmi Şurasının 8 saylı Qərarına əsasən Azərbaycanla Fransa arasında təhsil əlaqələrinin inkişaf etdirilməsinə Azərbaycan Universitetlərinin Avropa Birliyi layihələrində təmsil olunmasına verdiyi dəstəyə görə universitetin Fəxri Doktoru adında layiq görülüb. O, ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi və rektora təşəkkürünü bildirib.

Eyni zamanda, rektor Səməd Seyidov Türkiyənin Hacəttəpə Universitetinin professoru Ayfer Altaya Azərbaycan Dillər Universiteti ilə adıçəkilən universitet arasında əməkdaşlığın inkişafı, Hacəttəpə Universitetinin Mütercim-Tercümanlık fakültəsi ilə ADU-nun Tərcümə fakültəsi arasında tələbə, həmçinin professor-müəllim mübadiləsi, birgə təhsil proqramlarının hazırlanması, o cümlədən universitetlərarası Mevlana və Erasmus mübadilə proqramlarının uğurla davam etdirilməsinə verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Ayfer Altay da öz növbəsində bunun onun üçün gözlənilməz olduğunu söylədi və rektora, həmçinin universitet heyətinə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, 2010-cu ilin yanvar ayında Türkiyənin paytaxtı Ankara şəhərində ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə müəllim və professor heyətinin birgə mühazirələr və seminarlar təşkil olunması məqsədi ilə qarşılıqlı səfərlərinin təşkili, ümumi bakalavr və magistr proqramlarının hazırlanması, həmçinin həyata keçirilməsi, elmi konfransların keçirilməsi, birgə elmi nəşrlərin dərc olunması nəzərdə tutulur. Bu müqavilə üçtərəfli əlaqələri yaratmaqla ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli münasibətlərin qurulmasında böyük rol oynayıb.

Əlavə edək ki, 2014-cü ilin mart ayında ADU və Hacettepe Universiteti arasında Mövlana mübadilə proqramı üzrə niyyət protokolu da imzalanıb.

Qeyd edək ki, Elmi Şuranın iclasında Fransa səfirliyinin Mədəni işlər üzrə attaşesi Yohan Şiterer də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə