Etno-irs günlərinin mərkəzi Lahıc olacaq

Etno-irs günlərinin mərkəzi Lahıc olacaq

Gənclər və İdman Nazirliyi tərəfindən 24-27 sentyabr 2015-ci il tarixlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Tarixi və mədəni əhəmiyyəti olan bu layihə zamanı qonaqlar adət-ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Onlara milli və tətbiqi sənət məhsulları təqdim olunacaq, kəndirbaz və sehrbazlar öz məharətlərini, gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını nümayiş etdirəcək, musiqiçilər qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəklər.

Tədbirin daha rəngarəng və maraqlı keçməsi, qonaqların adət-ənənələrimiz və milli mətbəximiz ilə daha yaxından tanış olmaları məqsədi ilə festival zamanı yeməklərimizin hazırlanma qaydaları da nümayiş olunacaq.

Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim olunacaq.

Məlumat üçün bildirək ki, festivalda 100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edəcəklər.

Etno-irs günlərinin yekun sərgisi və təqdimatı 27 sentyabr 2015-ci il tarixində saat 12.00-da İsmayıllı rayonun Lahıc qəsəbəsində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə