Şirvan şəhər Polis İdarəsində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən MSK-nın nümayəndələri və dairə seçki komissiyalarının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik üzrə şöbə rəislərinin iştirakı ilə zona seminar-müşavirə keçirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, seminar-müşavirədə 18 rayon polis şöbəsinin rəis müavinləri və 28 Dairə Seçki Komissiyasının sədrləri iştirak edib.
Seminarda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri Dilavər Adıgözəlov bildirib ki, noyabrın 1-də keçiriləcək seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün mühüm amillərdən biri ictimai asayişin etibarlı qorunmasıdır. D.Adıgözəlov bu məqsədlə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı DİN rəhbərliyi tərəfindən 26 avqust 2015-ci il tarixli xüsusi tədbirlər planının təsdiq edildiyini və icrasının nəzarətə götürüldüyünü bildirib.
Çıxışlarda qeyd olunub ki, seçici kimi səsvermə halları istisna olmaqla, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai qaydanı bərpa olunduqdan sonra onlar dərhal məntəqədən uzaqlaşmalıdır.
Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan MSK-ya gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Müşavirədə MSK-nın üzvü İlham Məmmədov və ümumi şöbənin məsləhətçisi Cavid Zeynalov "Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları, seçki prosesi, onun mərhələləri və müddətləri barədə polislə birgə işin düzgün qurulması barədə seminar iştirakçılarını məlumatlandırdılar. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyini qeyd ediblər. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər barədə çıxış ediblər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair "Yaddaş Kitabçası" paylanılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB